Polşanın “Yaqelloniya” futbol komandasının hücumçusu Afimiko Pululu karyerasını başqa klubda davam etdirməyə yaxındır.
İdman.Biz xəbər verir ki, iyunun sonunda “Yaqelloniya” ilə müqaviləsi başa çatacaq 27 yaşlı forvard anlaşmanı yeniləməyəcək.
Polşa mətbuatının məlumatına görə, Pululu uğrunda mübarizədə “Vidzev” qalib gəlib. Lodz təmsilçisi futbolçunun transferini yekunlaşdırmağa yaxındır. Hücumçu tibbi müayinədən uğurla keçdikdən sonra rəsmi müqavilə imzalayacaq.
Pululu ilə “Panatinaikos”, Kiyev “Dinamo”su və “Serkl Brügge”nin də maraqlandığı bildirilir. Polşada isə onun xidmətində “Vidzev”lə yanaşı, daha bir neçə komanda maraqlı olub.
Ötən mövsüm Ekstraklasada 33 oyuna çıxan Pululu 15 qol vurub. O, daha əvvəl Konfrans Liqasında da məhsuldar çıxışı ilə diqqət çəkib.
“Neftçi” də uzun müddət futbolçunun transferi üzərində işləyib. Lakin Pululu Azərbaycana gəlməyi məqsədəuyğun saymayıb. Hücumçu Polşa çempionatını daha güclü liqalara keçid üçün tramplin kimi görür.
