İspaniyanın “Barselona” futbol klubu “Atletiko”nun hücumçusu Xulian Alvaresin transferi istiqamətində fəallığını artırıb.
İdman.Biz xəbər verir ki, Kataloniya klubunun prezidenti Joan Laporta argentinalı futbolçunun agenti Fernando İdalqo ilə görüşüb.
Məlumata görə, “Barselona” 26 yaşlı hücumçunun keçidi üçün “Atletiko”ya 120 milyon avro (240 milyon AZN) və bonuslar təklif etməyə hazırdır. Ümumi məbləğin 130 milyon avroya (260 milyon AZN) yaxınlaşa biləcəyi bildirilir. Lakin Kataloniya təmsilçisinin bu rəqəmdən yuxarı qalxmaq istəmədiyi qeyd olunur.
Madrid klubunun mövqeyi isə daha sərtdir. “Atletiko” artıq “Real Madrid”dən Xulian Alvares üçün 150 milyon avroluq (300 milyon AZN) təklif alıb və bu təklifi rədd edib. Bu səbəbdən paytaxt təmsilçisinin “Barselona” ilə danışıqlarda da qiyməti aşağı salmaq istəməyəcəyi gözlənilir.
“Barselona”da isə “Real Madrid”in prosesə qoşulmasını təzyiq addımı kimi qiymətləndirirlər. Katalonlar hesab edirlər ki, madridlilər bu transferdə əsas məqsəd kimi “Barselona”nın işini çətinləşdirməyə çalışırlar.
Xulian Alvaresin özü ilə bağlı qərarın transferin taleyində həlledici ola biləcəyi vurğulanır. Argentinalı hücumçunun “Atletiko”dan ayrılacağı halda “Barselona” variantına üstünlük verə biləcəyi iddia olunur.
