Azərbaycan millisi yerli məşqçi ilə ilk dəfə San-Marinoya qalib gəlib - İDMAN.BİZ-in İCMALI

10 İyun 2026 13:21
99
Azərbaycan millisi yerli məşqçi ilə ilk dəfə San-Marinoya qalib gəlib - İDMAN.BİZ-in İCMALI

Ayxan Abbasov futbol üzrə Azərbaycan millisinin San-Marinoya qalib gəldiyi ilk yerli baş məşqçi olub.

İdman.Biz xəbər verir ki, bu nailiyyət iyunun 9-da Macarıstanın Sombatxey şəhərində keçirilən yoldaşlıq görüşündə qeydə alınıb. Azərbaycan millisi San-Marinonu 2:1 hesabı ilə məğlub edib. Yığmamızın heyətində qolları Rəhman Daşdəmirov və Renat Dadaşov vurublar.

Buna qədər Azərbaycan San-Marino ilə iki dəfə qarşılaşıb və hər iki oyunda qələbə qazanıb. Lakin həmin görüşlərdə komandaya əcnəbi mütəxəssis – xorvatiyalı baş məşqçi Robert Prosineçki rəhbərlik edib.

San-Marino üzərində ilk qələbə 2016-cı il sentyabrın 4-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə qazanılıb. Həmin görüşdə Azərbaycan millisi 1:0 hesabı ilə qalib gəlib, yeganə qolu Ruslan Qurbanov vurub.

Bir il sonra - 2017-ci il sentyabrın 4-də komandalar yenidən DÇ-2018-in seçmə mərhələsində üz-üzə gəliblər. Bu dəfə görüş Bakıda keçirilib. Prosineçkinin rəhbərliyi altında Azərbaycan millisi 5:1 hesablı böyük qələbə qazanıb. Yığmamızın heyətində Əfran İsmayılov dubla imza atıb, Araz Abdullayev və Rəşad Sadıqov da fərqləniblər. Daha bir top San-Marino futbolçusunun avtoqolu nəticəsində vurulub.

Beləliklə, Azərbaycan millisi San-Marinoya qarşı keçirdiyi hər üç oyunda qalib gəlib. Lakin məhz dünənki qələbə bu rəqib üzərində yerli məşqçinin rəhbərliyi altında qazanılan ilk uğur olub.

Bu fonda Azərbaycanın Malta ilə keçirdiyi oyunların tarixi də diqqət çəkir. San-Marinodan fərqli olaraq, Azərbaycan millisinin yerli məşqçilərinin rəhbərliyi altında Malta üzərində hələ də qələbəsi yoxdur.

İlk qarşılaşma 1994-cü il aprelin 19-da baş tutub. Həmin vaxt Ağasəlim Mircavadovun rəhbərlik etdiyi Azərbaycan millisi yoldaşlıq görüşündə Maltaya 0:5 hesabı ilə məğlub olub.

2000-ci il fevralın 6-da komandalar “Rothmans Tournament” turniri çərçivəsində qarşılaşıblar. Əhməd Ələsgərov və Əsgər Abdullayevin rəhbərlik etdiyi Azərbaycan millisi bu dəfə də 0:3 hesabı ilə uduzub.

Yerli mütəxəssisin rəhbərliyi altında Maltaya qarşı daha bir məğlubiyyət 2002-ci il aprelin 17-də qeydə alınıb. Vaqif Sadıqovun komandası yoldaşlıq görüşündə rəqibinə 0:1 hesabı ilə uduzub.

2018-ci ildə Azərbaycan millisi Qurban Qurbanovun rəhbərliyi altında UEFA Millətlər Liqasında Malta ilə iki dəfə qarşılaşıb. Hər iki görüş heç-heçə ilə başa çatıb: sentyabrın 10-da səfərdə 1:1, oktyabrın 14-də Bakıda da 1:1.

Məlum olduğu kimi, Malta ilə son oyun bu il iyunun 5-də Sombatxeydə keçirilib. Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan millisi həmin görüşdə 0:2 hesabı ilə məğlub olub.

Ümumilikdə Azərbaycan Malta üzərində iki dəfə qələbə qazanıb. Lakin hər iki uğur əcnəbi mütəxəssislərin rəhbərliyi altında əldə olunub. 2013-cü ildə Berti Foqtsun komandası yoldaşlıq görüşündə Maltanı 3:0 hesabı ilə məğlub edib. 2015-ci ildə isə Robert Prosineçkinin rəhbərliyi altında yığmamız AVRO-2016-nın seçmə mərhələsində 2:0 hesablı qələbə qazanıb.

Beləliklə, Ayxan Abbasov Azərbaycan millisinin tarixində San-Marino və ya Malta kimi rəqiblərdən biri üzərində qələbə qazana bilən ilk yerli baş məşqçi olub. Bununla belə, Malta hələ də Azərbaycan millisinin yerli mütəxəssisin rəhbərliyi altında heç vaxt məğlub edə bilmədiyi komanda olaraq qalır.

İdman.Biz