İngiltərənin “Lids Yunayted” futbol komandasının qapıçısı Karl Darlou karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
İdman.Biz xəbər verir ki, “qırmızı şeytanlar” yay transfer pəncərəsində 35 yaşlı Uels millisinin üzvünü heyətinə qatmağı nəzərdən keçirir.
“Mançester Yunayted” növbəti mövsüm üçün təcrübəli ehtiyat qapıçı axtarır. Darlounun “Lids Yunayted”lə müqaviləsi bu ayın sonunda başa çatır. Buna görə onun transferi Mançester təmsilçisi üçün daha rahat variant sayılır.
“Lids Yunayted” futbolçunu komandada saxlamaq istəyir. Amma Çempionlar Liqasında çıxış edəcək kluba keçid Darlou üçün cəlbedici görünə bilər. İngiltərə nəhənginin bu keçid uğrunda rəqabətlə üzləşəcəyi də istisna edilmir.
Altay Bayındır və Andre Onananın yayda “Mançester Yunayted”dən ayrılacağı gözlənilir. Klub Darlounu Senne Lammensə rəqabət və ehtiyat qüvvə kimi görür. “Vulverhempton”un qapıçısı Sem Conston da Mançester təmsilçisinin variantları arasındadır.
Darlou ötən mövsüm Premyer Liqada “Lids Yunayted”in əsas heyətində 22 oyuna çıxıb. O, beş matçda qapısını toxunulmaz saxlayıb, 27 qol buraxıb və qapısına yönələn 90 zərbədən 63-nü dəf edib.
