Millinin yarımmüdafiəçisi: “San-Marinoya qalib gələcəyimizə inanırıq”

8 İyun 2026 17:40
130
Millinin yarımmüdafiəçisi: “San-Marinoya qalib gələcəyimizə inanırıq”

“Azarkeşlərə deyiləcək sözümüz nə olsun, məğlubiyyətə görə komanda adından üzr istəyirəm. Millinin forması altında çıxış edəndə rəqibin kimliyinin önəmi yoxdur. Güclü və ya zəif olmasından asılı olmayaraq, ölkənin birinci komandasını təmsil etdiyimizi bilməli və buna uyğun oynamalıyıq. Hətta bunu düşünərək məşq etməliyik”.

Bunu Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli deyib.

31 yaşlı yarımmüdafiəçi Malta ilə oyunda 0:2 hesablı yenilgiyə belə şərh verib.

“Əlbəttə, son oyunda uduzmağımız pis təsir etdi. Amma bu səhvlərdən nəticə çıxaracağıq. Ötən məğlubiyyətin futbolçulara təsir etməməsi mümkün deyil. Hətta doğrudan da yaxşı oynadıq, epizodlarımız çox oldu. Amma bunlara rəğmən məğlub olmaq, əlbəttə ki, pis təsir edir. Hazırlıq oyunu olsa belə, millinin formasını geyinirsənsə, məğlubiyyət acı olur”, - deyə o, futbolinfo.az-a açıqlamasında söyləyib.

İsgəndərli sabah baş tutacaq San-Marino ilə görüşdə qələbə qazanacaqlarına inandığını da bildirib:

“Əlimizdən gələni edib bu oyunda yaxşı nəticə əldə etməyə çalışacağıq. Səhvlərimizdən dərs götürməliyik. Daha yaxşı olmalıyıq. İnanırıq ki, bu oyunda qələbə qazanacağıq”.

İdman.Biz