İspaniya klubu özünün aşağı liqaya düşəcəyinə mərc edib

8 İyun 2026 17:00
108
İspaniya klubu özünün aşağı liqaya düşəcəyinə mərc edib

Futbol üzrə İspaniyanın La Liqa təmsilçilərindən biri mövsümün son turu öncəsi maraqlı qərar verib.

İdman.Biz “Semafor”a istinadən xəbər verir ki, adı açıqlanmayan İspaniya klubunun rəhbərliyi komandanın aşağı liqaya düşəcəyi ehtimalına qarşı Kalşi proqnoz bazarında təxminən 1 milyon dollar məbləğində mərc edib.

Bu addım mümkün maliyyə itkilərini azaltmaq məqsədi daşıyıb. Belə ki, komanda Sequndaya yuvarlansaydı, televiziya yayım hüquqları, bilet satışları və digər gəlirlər baxımından milyonlarla dollar itki ilə üzləşəcəkdi.

Nəticədə klub son turda 0:1 hesabı ilə məğlub olsa da, digər oyunların nəticələri sayəsində La Liqadakı yerini qoruyub saxlayıb. Beləliklə, qoyulan mərc uduzub və klub təxminən 1 milyon dollar itirib. Lakin rəhbərlik bunu daha böyük maliyyə zərərinin qarşısını almaq üçün atılmış addım kimi qiymətləndirib. Başqa sözlə, bir milyon itirmək bir neçə milyon dollar itirməkdən daha sərfəli sayılıb.

Semafor klubun adını açıqlamayıb. Bununla belə, söhbətin böyük ehtimalla “Osasuna”dan getdiyi bildirilir.

Qeyd edək ki, mərc Kalşi proqnoz bazarı vasitəsilə, idman təşkilatlarının maliyyə risklərini idarə edən “Game Point Capital” şirkətinin iştirakı ilə həyata keçirilib. Hadisə geniş müzakirələrə səbəb olub, çünki söhbət adi bukmeker mərcindən deyil, mümkün maliyyə risklərinə qarşı sığortalanma cəhdindən gedir.

İdman.Biz