İspaniyanın “Real Madrid” klubu PSJ-nin cinah hücumçusu Xviça Kvaratsxeliyanı transfer etməyə yaxındır.
İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, “Kral klubu” gürcü futbolçunun keçidi üçün 150 milyon avro ödəməyə hazırdır.
Xatırladaq ki, daha əvvəl “Real Madrid" prezidenti Florentino Perez gələn çərşənbə axşamı adı açıqlanmayan bir futbolçunun transferi üçün 150 milyon avroluq təklif veriləcəyini bildirmişdi.
Mənbənin məlumatına görə, Madrid təmsilçisi artıq 25 yaşlı vingerin keçidi üzərində işləyir və tərəflər arasında danışıqlar baş tutub. Klub rəhbərliyi Kvaratsxeliyanın da Madridə köçməyə etiraz etməyəcəyinə inanır.
Bununla belə, PSJ komandanın əsas oyunçularından birini itirmək niyyətində deyil. Üstəlik, Fransa çempionunun maliyyə baxımından hər hansı çətinliyi yoxdur.
Kvaratsxeliya ötən mövsüm bütün turnirlərdə 48 oyunda iştirak edib, 19 qol vurub və 11 məhsuldar ötürmə edib. Futbolçunun PSJ ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 140 milyon avro qiymətləndirir.
