ABŞ-nin məşhur idman nəşri “The Athletic” Avropa futbolunda 2025/2026 mövsümünə yekun vurarkən “Qarabağ” və “Sabah”ın uğurlarına xüsusi yer ayırıb.
İdman.Biz xəbər verir ki, Kolin Milların qələmə aldığı yazıda maliyyə imkanlarının futbolda həlledici rol oynadığı bildirilsə də, bəzi klubların bunun tək amil olmadığını sübut etdiyi vurğulanıb.
Məqalədə Azərbaycanın “Qarabağ” futbol komandasının Çempionlar Liqasında pley-offa yüksəlməsi ayrıca qeyd olunub. Ağdam təmsilçisinin bu nəticə ilə Azərbaycan futbolu üçün ən yüksək klub nailiyyətlərindən birinə imza atdığı bildirilib.
Nəşr “Qarabağ”ın 2014-cü ildən sonra ölkə çempionatında 11 titul qazandığını xatırladıb. Yazıda Ağdam təmsilçisinin uzun illər doğma şəhərindən kənarda qalması da vurğulanıb.
“The Athletic” “Sabah”ın uğurunu da diqqətdən kənarda qoymayıb. Bakı təmsilçisi 2025/2026 mövsümündə tarixində ilk dəfə Azərbaycan çempionu olub və bu nəticə ilə həmin mövsüm ilk liqa titulunu qazanan altı Avropa klubundan biri kimi göstərilib.
