“Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatının yarımfinal mərhələsindəki Serbiya - Azərbaycan oyunu finala bərabər olacaq”.
Bu barədə Azərbaycan millisinin üzvü Təmkim Xəlilzadə bildirib.
O, rəqibin gücünə bələd olduqlarını söyləyib.
“Artıq turnirdə dörd komanda qalıb. Serbiyanın da gücünü bilirik. Vaxtımız da var. Məşqçilər təhlil edəcəklər və tapşırıqlarını verəcəklər. Hansı yığmaya qarşı oynayacağımızı da çox yaxşı başa düşürük. Rəqiblər bizdən də çəkinirlər, yaxşı oyunçularımız var. Serbiya ilə qarşılaşma finala bərabər olacaq”, - deyə o, report.az-a açıqlamasında vurğulayıb.
T.Xəlilzadə Çexiyanı 5:2 hesabı ilə üstələdikləri 1/4 final görüşü haqqında fikirlərini bölüşüb:
“Komandamızın yeganə motivasiyası var idi. Xalqımızın bizdən nə gözlədiyini bilirdik. Yarışa son dünya çempionu kimi gəlmişik. Bizə ümidlər böyükdür. Ona görə ciddi hazırlaşmışdıq. Rəqibin də gücünü bilirdik. Elə mərhələdəyik ki, burada zəif komanda olmur. Həm də hər gün matça çıxırıq. İstər-istəməz yorğunluq da olur. Oyun gözlədiyimizdən rahat alındı. Hər şey istədiyimiz kimi oldu. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq. Lazım olan nəticəni də qazandıq. Komandada kimin fərqlənməsinin fərqi yoxdur. Əsas odur ki, qalib gələk. Qol vuranda futbolçü üçün ikiqat sevinc olur. Yarımfinala vəsiqə qazandığımız üçün çox sevincliyik. Ancaq qalibiyyət haqqında düşünürük”.
Oyunçu Çexiya yığmasının sərt oyuna üstünlük verməsinə də toxunub:
“Rəqiblərin əksəriyyəti bizə qarşı aqressiv oynayırlar. Fərdi cəhətdən bizdən geri qalırlar. Onlar ancaq bizimlə mübarizə aparmaq, döyüşmək istəyirlər. Qazaxıstanla görüşdə də bunu gördük. Vururlar, yıxırlar, başqa heç nə edə bilmirlər. Hər şeyə hazırıq. Belə olacağını da bilirdik. Əsas odur ki, zədə olmadı”.
Xatırladaq ki, Serbiya - Azərbaycan oyunu bu gün, Bakı vaxtı ilə saat 22:45-də “Tipos Arena”da start götürəcək.
