Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti Fransanın "Lill" klubunun baş məşqçisi təyin olunub.
İdman.Biz xəbər verir ki, 36 yaşlı italiyalı mütəxəssis Fransa təmsilçisi ilə ikiillik müqavilə imzalayıb.
"Lill"in prezidenti Olivye Letana göstərdiyi etimada və mənə yaratdığı fürsətə görə çox minnətdaram. Biz çox söhbət etdik və ortaq ideyalara, dəyərlərə malik olduğumuzu hiss etdim. "Lill"in layihəsi mənə tam uyğundur. Klubun aydın kimliyi, yüksək standartları və güclü iş etikası var. Bu, ciddi, iddialı və rəqabətqabiliyyətli klubdur, müntəzəm olaraq Avropa turnirlərində iştirak edir. Bu gün "Lill"i təmsil etmək mənim üçün böyük şərəfdir", – deyə kiçik Ançelotti klubun rəsmi saytına açıqlamasında bildirib.
Qeyd edək ki, "Lill" 2025/2026 mövsümünü Fransa Liqa 1-də üçüncü pillədə başa vurub. Komanda 2026/2027 mövsümü üçün UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
