Davud Kərimi: “Qazaxıstan bu dəfə əvvəlki qədər güclü görünmür”

1 İyun 2026 16:54
85
Davud Kərimi: “Qazaxıstan bu dəfə əvvəlki qədər güclü görünmür”

“Minifutbol millimizdən Qazaxıstana qarşı oyunda gözləntim yalnız qələbədir. İnşallah, bu gün qalib gəlib 1/4 finala vəsiqə qazanacağıq”.

Bu sözləri minifutbol üzrə millimizin heyətində Avropa çempionu olmuş Davud Kərimi deyib.

O, yığma komandamızın Avropa çempionatının 1/8 final çərçivəsində Qazaxıstanla oyun haqda fikirlərini bölüşüb.

“Rəqib Qazaxıstan yığması bu dəfə mənə görə elə də güclü görünmür. 2024-cü ildə Bosniyada qarşılaşdığımız Qazaxıstan yığması daha təcrübəli və daha kompakt komanda idi. Bu dəfə isə heyətlərinin nisbətən zəif olduğunu düşünürəm. Yığmamız həm Avropa, həm də dünya çempionudur. Slovakiyadakı çempionata da dünya çempionu statusunda yollanıblar. Komandamız turnirə ən güclü heyətlə qatılıb. Elşad müəllim bu gün üçün mümkün olan ən güclü heyəti formalaşdırıb. Fikrimcə, millimiz turniri ilk “üçlük”də başa vuracaq. Amma əsas gözləntim çempionluqdur. Komandamızın potensialı buna imkan verir. Komandanın son illərdəki uğurlarını nəzərə alsaq, azarkeşlərin çempionluq gözləntisi tam başadüşüləndir”, - deyə o, sport24.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, Matç “Tipos Arena”da, Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.

İdman.Biz