Azərbaycan millisinin baş məşqçisi: “Avropada izlədiyimiz və əlaqə saxladığımız başqa futbolçular da var” - MÜSAHİBƏ

1 İyun 2026 16:25
72
Azərbaycan millisinin baş məşqçisi: “Avropada izlədiyimiz və əlaqə saxladığımız başqa futbolçular da var” - MÜSAHİBƏ

“Toplanışın ilk - adaptasiya mərhələsi yaxşı keçdi”.

Bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan U-21 millisi Bakıda keçirilən təlim-məşq toplanışını başa vurdu. Hazırlıq prosesini necə qiymətləndirirsiniz? Komandanın və futbolçuların fiziki vəziyyəti sizi qane edirmi?

- Toplanışın ilk - adaptasiya mərhələsi yaxşı keçdi. Qısa fasilədən sonra futbolçuların fiziki durumunu yenidən optimal səviyyəyə çatdırmaq bizim üçün vacib idi. Düşünürəm ki, buna nail olduq. Artıq Türkiyədəyik və diqqətimizi tam şəkildə qarşıdakı oyunlara yönəltmişik.

- Milli komanda Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreynin U-23, iyunun 9-da isə Qırğızıstanın U-21 yığması ilə yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. Bu rəqibləri necə xarakterizə edərdiniz? Həmin oyunlardan əsas gözləntiləriniz nələrdir?

- Bəli, bizi Qırğızıstan U-21 və Bəhreyn U-23 komandalarına qarşı iki oyun gözləyir. Ümumilikdə bizim üçün qeyri-adi rəqiblərdir. Amma deyə bilərəm ki, hər iki komanda maraqlı futbol nümayiş etdirir. Bizi çətin və faydalı oyunlar gözləyir.

- Komandaya yeni cəlb olunan futbolçular, xüsusilə Lorenzo Mezzotero və Mustafa Kamara barədə hansı fikirdəsiniz? Onların milli komandaya hansı keyfiyyətləri qazandıracağını düşünürsünüz?

- Lorenzo, Mustafa, Yusif Mehtiyev, Raul Süleymanov və Elyas Bağcıdan razıyam. Onlar komandamıza yeni enerji, yeni keyfiyyətlər, oyunumuza isə fərqli üslub gətirə bilərlər. Bizim məqsədimiz onların güclü tərəflərindən düzgün istifadə etmək və bu keyfiyyətləri komandanın xeyrinə yönləndirməkdir.

- “Sumqayıt”ın qapıçısı Xəyal Fərzullayevin son vaxtlar göstərdiyi performansa baxmayaraq, bu dəfə U-21 millisinin heyətində yer almaması müəyyən müzakirələrə səbəb olub. Bu qərarın səbəbləri barədə nə deyə bilərsiniz?

- Xəyal yaxşı qapıçıdır. Onun müntəzəm oyun praktikası qazanmasına sevinirəm. Bu toplanışda bizimlə olmaması gələcəkdə ona ümid etmədiyimiz anlamına gəlmir. Eyni zamanda, bu düşərgədə bizimlə Fəxri, Sənan, Ağadadaş da yoxdur. Biz bütün futbolçuları izləyirik və hər birini diqqətdə saxlayırıq.

- Son dönəmdə ölkə xaricində çıxış edən və Azərbaycan pasportuna sahib futbolçuların U-21 millisində yer alması diqqət çəkir. Qarşıdakı toplanışlarda və ya rəsmi oyunlarda yeni adların da komandaya cəlb olunması gözlənilirmi?

⁠- Bəli, izlədiyimiz və əlaqə saxladığımız başqa futbolçular da var. Amma qərara gəldik ki, yay toplanışı üçün yeni adlar baxımından bu qədər kifayətdir. Hazırda əsas məqsədimiz dəvət etdiyimiz futbolçuları daha yaxından tanımaq, onları komandanın daxilində qiymətləndirmək və uyğunlaşma prosesinə kömək etməkdir.

İdman.Biz