İngiltərənin “Mançester Yunayted” futbol klubu İtaliyanın “Atalanta” futbol komandasının yarımmüdafiəçisi Edersonun transferini yekunlaşdırmağa yaxınlaşıb.
İdman.Biz xəbər verir ki, Mançester təmsilçisi braziliyalı futbolçu ilə bağlı danışıqlarda irəliləyiş əldə edib. “Qırmızı şeytanlar” yarımmüdafiə xəttini gücləndirməyi yay transfer pəncərəsinin əsas hədəflərindən biri hesab edir.
Məlumata görə, Ederson şəxsi şərtlər üzrə “Mançester Yunayted”lə anlaşmaya yaxındır. “Atalanta” ilə danışıqların gecikməsi isə klub daxilində baş verən dəyişikliklərlə əlaqələndirilir. İtaliya təmsilçisində yeni idman direktoru postuna Kriştianu Cuntoli, baş məşqçi vəzifəsinə isə Mauritsio Sarri gətirilir.
“Mançester Yunayted” keçidi 40-45 milyon avro (80-90 milyon AZN) aralığında bağlamağa çalışır.
Ederson 2022-ci ildən “Atalanta”da çıxış edir. Braziliyalı yarımmüdafiəçi fiziki gücü, topu irəli daşımaq bacarığı və taktiki çevikliyi ilə fərqlənir.
