Fransanın PSJ futbol komandasının gürcüstanlı vingeri Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün ən yaxşı oyunçusu seçilib.
İdman.Biz xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. UEFA-nın açıqlamasında onun PSJ-nin ardıcıl ikinci Çempionlar Liqası titulunda böyük rol oynadığı vurğulanıb.
25 yaşlı futbolçu turnirdə 16 oyuna çıxıb, 10 qol vurub və altı məhsuldar ötürmə edib.
Kvaratsxeliya finalda da komandasına kömək edib. “Arsenal”la həlledici görüşdə onun qazandığı penaltini Usman Dembele dəqiq yerinə yetirib və PSJ hesabı bərabərləşdirib. Paris təmsilçisi sonda penaltilər seriyasında qalib gələrək titulunu qoruyub.
Gürcüstan millisinin üzvü 2025-ci ildən PSJ-də çıxış edir. O, Paris klubu ilə iki dəfə Çempionlar Liqasının qalibi olub. UEFA-nın mövsümün rəmzi komandasında da Kvaratsxeliya sol cinahda yer alıb.
Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan futboluna tanış olan Badri Kvaratsxeliyanın oğludur. Badri Kvaratsxeliya vaxtilə “Kəpəz” və “Şəmkir”də çıxış edib, Azərbaycan millisinin heyətində isə üç oyun keçirib.
