Futbol üzrə Çempionlar Liqasının 2025/26 mövsümü üçün UEFA simvolik komandanı açıqlayıb.
İdman.Biz xəbər verir ki, siyahıda ən çox futbolçu Fransanın PSJ komandasından seçilib. Paris təmsilçisindən Nunu Mendeş, Markinyos, Vitinya, Xviça Kvaratsxeliya və Usman Dembele rəmzi heyətə daxil edilib.
İngiltərənin “Arsenal” futbol komandasından isə David Raya, Qabriel və Deklan Rays siyahıda yer alıblar.
Almaniyanın “Bavariya” futbol klubundan Harri Keyn və Maykl Olise, İspaniyanın “Atletiko Madrid” futbol klubundan isə Markos Lyorente mövsüm komandasına salınıb.

İspaniyanın “Barselona” və “Real Madrid” futbol klublarından heç bir oyunçu komandada yer almayıb.
Qeyd edək ki, Çempionlar Liqasının 2025/26 mövsümünün finalında PSJ “Arsenal”ı penaltilər seriyasında məğlub edərək titulunu qoruyub. Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilərdə Paris klubu 4:3 hesabı ilə qalib gəlib.
