“Real Madrid” Negreyra işini FIFA və UEFA-ya aparır

31 May 2026 18:42
69
“Real Madrid” Negreyra işini FIFA və UEFA-ya aparır

İspaniyanın “Real Madrid” futbol klubu “Barselona” ilə bağlı Negreyra işi üzrə FIFA və UEFA-ya müraciət etməyə hazırlaşır.

İdman.Biz “OKDiario”ya istinadən xəbər verir ki, Madrid təmsilçisi İspaniya futbolunda son illərdə qeydə alınan mübahisəli hakim qərarları ilə bağlı geniş hesabat hazırlayıb. Klub həmin sənədi prezident seçkisindən sonra həm UEFA-ya, həm də FIFA-ya göndərmək niyyətindədir.

Mənbənin yazdığına görə, dosyedə “Real Madrid”in nəticələrinə təsir etdiyi iddia olunan epizodlar, mübahisəli qərarlar və hakimliklə bağlı statistik göstəricilər yer alacaq. Klub bu addımı “Barselona”nın Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişləri fonunda beynəlxalq səviyyədə araşdırma aparılması üçün atır.

“Real Madrid” rəhbərliyi hakimlik sistemində ciddi böhran yaşandığını düşünür. Madrid klubunda mübahisəli qərarların tez-tez təkrarlanmasını təsadüf kimi qəbul etmirlər və bu səbəbdən məsələni beynəlxalq futbol qurumlarının diqqətinə çatdırmaq istəyirlər.

Florentino Peres daha əvvəl açıqlamasında Neqreyra işini dünya futbol tarixinin ən böyük qalmaqallarından biri adlandırıb. O bildirib ki, “Real Madrid” bu məsələ ilə bağlı mühüm dosye hazırlayır və UEFA-nın hadisəyə kökündən müdaxilə etməsini istəyir.

Məlumata görə, “Barselona” 2001-2018-ci illərdə Neqreyra ilə əlaqəli şirkətlərə ümumilikdə 8,4 milyon avro (16,8 milyon AZN) ödəyib. Madrid təmsilçisi hesab edir ki, bu dövrdə baş verən hakim qərarları və yarış nəticələri tam araşdırılmalıdır.

Bildirilir ki, “Real Madrid”in hazırladığı dosye təxminən 500 səhifədən ibarətdir.

İdman.Biz