İngiltərənin “Arsenal” futbol komandası Premyer Liqa çempionluğu münasibətilə Londonda böyük parad keçirib.
İdman.Biz xəbər verir ki, “topçular”ın 22 ildən sonra qazandığı çempionluğu qeyd etmək üçün yüz minlərlə azarkeş Şimali Londonun İslington rayonunun küçələrinə axışıb. Premyer Liqa kuboku dörd açıq avtobusla təşkil olunan parad zamanı nümayiş etdirilib.
Birinci avtobusda Mikel Artetanın (Mikel Arteta) rəhbərlik etdiyi kişi komandası Premyer Liqa kuboku ilə yer alıb. İkinci avtobusda məşqçilər və klub heyəti, üçüncü avtobusda qadın komandası, sonuncuda isə azarkeşlər və klub nümayəndələri olub. “Sky News” qeyd edir ki, qadın komanda da FIFA Qadınlar Çempionlar Kubokundakı uğuruna görə paradın iştirakçısı olub.
Parad “Arsenal”ın Çempionlar Liqası finalında PSJ-yə məğlubiyyətindən bir gün sonra təşkil edilib. Buna baxmayaraq, azarkeşlərin sevincinə finaldakı uğursuzluq ciddi təsir etməyib.
Xatırladaq ki, “Arsenal” Çempionlar Liqasının Budapeştdə keçirilən finalında PSJ-yə penaltilər seriyasında uduzub. Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb, penaltilərdə Paris təmsilçisi 4:3 hesabı ilə qalib gəlib.
