Kurban Berdıyev Azərbaycan Premyer Liqasını Rusiyaya nümunə göstərib

27 May 2026 15:32
180
Kurban Berdıyev Azərbaycan Premyer Liqasını Rusiyaya nümunə göstərib

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Rusiya futbolunda legioner limitinin tamamilə ləğv edilməsinin tərəfdarı olduğunu bildirib və buna nümunə kimi Azərbaycan təcrübəsini göstərib.

İdman.Biz xəbər verir ki, rusiyalı-türkmənistanlı mütəxəssis Azərbaycan çempionatında limitin ləğvindən sonra rəqabət səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını, yerli futbolçuların isə daha sürətlə inkişaf etməyə başladığını deyib.

Berdıyevin sözlərinə görə, hazırda Azərbaycan Premyer Liqasındakı vəziyyət ötən mövsümdən ciddi şəkildə fərqlənir.

“Azərbaycanda indi limiti ləğv ediblər. Səviyyə bir neçə dəfə yüksəlib! İndi liderlər istənilən komandaya qarşı xal itirə bilər. Azərbaycanlı futbolçular, o cümlədən komandamızdakı oyunçular ötən illə müqayisədə daha çox səy göstərirlər. Çünki keçən il onların heyətdə yeri təmin olunmuşdu.

İndi isə daha çox çalışaraq milliyə düşüblər. Keçənilki sistem olsaydı, milliyə düşə bilməzdilər – klubun əsas heyətində oynamaq onları qane edirdi. Rəqabət hər yerdə var. Biznesi də hərəkətə gətirən rəqabətdir. Burada da eyni vəziyyətdir – istənilən futbolçu inkişaf edir”, – deyə Berdıyev “Cappuccino & Catenaccio” podkastında bildirib.

Mütəxəssis əlavə edib ki, güclü əcnəbi futbolçularla rəqabət yerli oyunçuların inkişafına müsbət təsir göstərir.

“Mən “Turan”ın nümunəsini çəkdim. Keçən il bilirdilər ki, heyətdə oynayacaqlar. Amma bu il əziyyət çəkmək lazımdır. Çalışmağa başladılar – milliyə çağırıldılar! Bundan əvvəl heç vaxt milliyə düşməmişdilər”, – deyə Berdıyev vurğulayıb.

Xatırladaq ki, “Turan Tovuz” Berdıyevin rəhbərliyi altında Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı olub və Konfrans Liqasına vəsiqə qazanıb.

İdman.Biz