İtaliya Seriya A-nın 38-ci turunda “Torino” - “Yuventus” futbol matçının startı azarkeşlər arasında yaşanan insidentə görə gecikib.
İdman.Biz xəbər verir ki, qarşılaşma 24 mayda Bakı vaxtı ilə 22:00-da başlamalı idi. Lakin stadiondan kənarda Turin klublarının azarkeşləri arasında toqquşma baş verib. Hadisədən sonra polis səkkiz “Yuventus” azarkeşini saxlayıb.
İnsident nəticəsində xəsarət alanlar var. Onlardan birinin vəziyyəti ağır olsa da, həyati təhlükəsinin olmadığı bildirilir. AP-nin məlumatına görə, ciddi xəsarət alan şəxs “Yuventus” azarkeşidir.
Bu hadisədən sonra “Yuventus” azarkeşləri komandanın isinmə hərəkətləri zamanı futbolçulardan oyuna çıxmamağı istəyiblər. Kapitan Manuel Lokatelli və digər futbolçularla danışıqdan sonra “Yuventus” ultrasları matçın təxirə salınmasını tələb ediblər. Onlar oyun başlayacağı halda meydana çıxmağa hazır olduqlarını da bildiriblər. AP də “Yuventus” ultraslarının yaralı azarkeşə dəstək məqsədilə matçın təxirə salınmasını istədiyini yazıb.
“Torino” azarkeşləri isə bannerləri yığaraq susqunluq nümayiş etdiriblər. Nəticədə qarşılaşmanın Bakı vaxtı ilə 22:45-də başlamasına qərar verilib.
