İtaliyanın “Napoli” futbol klubunun baş məşqçisi Antonio Konte komandadan ayrılmaq qərarı verib.
İdman.Biz xəbər verir ki, 56 yaşlı mütəxəssisin mövsümün sonunda Neapol təmsilçisi ilə yollarını ayıracağı bildirilir. İtaliya mətbuatında tərəflərin qarşılıqlı razılıq əsasında ayrılacağı və Kontenin müqaviləsinin son ilindən imtina edəcəyi yazılır.
Konte İtaliya millisinə rəhbərlik edəcəyi ilə bağlı iddialara da münasibət bildirib. O, hələlik İtaliya Futbol Federasiyası ilə heç bir razılığının olmadığını deyib:
“İtaliya Futbol Federasiyası ilə aramızda heç nə yoxdur. Hələlik sıfır. Gələcəkdə nə olacağını görəcəyik”.
Mütəxəssis federasiyada prezident seçkisinin belə baş tutmadığını xatırladıb:
“Hələ federasiya prezidenti də yoxdur. Amma bunu deyim: İtaliya top-məşqçi təyin etməyə hazırdırmı?”
Konte Pep Qvardiolanın adı ətrafında yayılan xəbərlərə də toxunub. O, İtaliya millisi üçün ən güclü namizədlərdən birinin məhz ispaniyalı mütəxəssis ola biləcəyini bildirib:
“Pep Qvardiola haqqında oxuyuram. Ad təklif etməli olsam, Pep deyərdim. Amma bunu reallaşdırmaq üçün onların maliyyə imkanı varmı? Bunu demək üçün hələ tezdir”.
Qeyd edək ki, Konte 2024-cü ildən “Napoli”ni çalışdırırdı. Onun İtaliya millisinə mümkün qayıdışı son həftələrdə mətbuatın əsas mövzularından birinə çevrilib. Daha əvvəl Konte 2014-2016-cı illərdə İtaliya yığmasına rəhbərlik edib.
