Qvardiolanın “Mançester Siti”dən gedişi rəsmən təsdiqləndi - FOTO/VİDEO

22 May 2026 14:55
148
Qvardiolanın “Mançester Siti”dən gedişi rəsmən təsdiqləndi - FOTO/VİDEO

İngiltərənin “Mançester Siti” futbol klubunun baş məşqçisi Pep Qvardiola bu yay vəzifəsindən ayrılacaq.

İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, 2016-cı ilin iyulunda komandaya rəhbərlik etməyə başlayan kataloniyalı mütəxəssis 10 illik dönəmini 20 böyük titulla başa vuracaq. Bu göstərici onu “Mançester Siti” tarixinin ən uğurlu baş məşqçisi edir.

Qvardiola klubdan tam ayrılmayacaq. O, “City Football Group”da qlobal səfir vəzifəsini icra edəcək. Yeni rolda mütəxəssis qrupun klublarına texniki məsləhətlər verəcək, xüsusi layihələr və əməkdaşlıqlarda iştirak edəcək.

Qvardiola klubla vida mesajında Mançester illərindən danışıb:

“Gələndə ilk müsahibəm Noel Qallagerlə oldu. Çıxanda düşündüm: “Yaxşı... Noel buradadır? Deməli, maraqlı olacaq”.

Və birlikdə necə bir dövr keçirdik! Məndən niyə getdiyimi soruşmayın. Səbəb yoxdur, amma içimdə bilirəm ki, bu, mənim vaxtımdır. Heç nə əbədi deyil. Əgər əbədi olsaydı, burada qalardım. Əbədi qalacaq olan hisslər, insanlar, xatirələr və mənim “Mançester Siti”yə olan sevgimdir”.

Kataloniyalı mütəxəssis Mançester şəhərinin xarakterinin onun komandalarına da təsir etdiyini bildirib:

“Bu şəhər zəhmət üzərində qurulub. Əmək üzərində. Bunu kərpiclərin rəngində görürsən. Erkən işə başlayan, gec çıxan insanlarda. Zavodlarda. Həmkarlar ittifaqlarında. Musiqidə. Sənaye inqilabında və onun dünyanı necə dəyişməsində. Məncə, bunu anlamağa başladım, komandalarım da bunu anladı.

Biz işlədik. Əziyyət çəkdik. Mübarizə apardıq. Və hər şeyi öz yolumuzla etdik. Öz yolumuzla”.

“Futbolçular unutmasınlar - hər anı, hər məqamı, məni, heyətimi, bu klubu, hər şeyi. Nə etmişiksə, hamısını sizin üçün etmişik. Siz isə sadəcə möhtəşəm olmusunuz. Hələ bunu bilmirsiniz, amma siz irs qoyursunuz. Xanımlar və cənablar, mənə güvəndiyiniz üçün təşəkkür edirəm. Məni irəli itələdiyiniz üçün təşəkkür edirəm. Noel... Mən haqlı idim. Bu, çox əyləncəli oldu. Hamınızı sevirəm”, - deyə Qvardiola fikrini tamamlayıb.

İdman.Biz