“Qarabağ”ın sabiq futbolçusu, hazırda Macarıstanın “Ferentsvaroş” klubunda çıxış edən Julio Romaonun ona görə FİFA tərəfindən Azərbaycan təmsilçisinə transfer qadağası qoyulmasından xəbəri yoxdur.
İdman.Biz-in məlumatına görə, futbolçu bu barədə futbolinfo.az-a açıqlamasında qeyd edib: “Bu barədə heç nə bilmirəm. Mənim belə məlumatım yox idi”.
“Ferentsvaroş” klubundakı vəziyyətindən də danışan futbolçu gözlədiyi qədər şans qazanmadığını etiraf edib: “Açığı, vəziyyətim yaxşı deyil. Buraya hər oyunda oynamaq üçün gəlmişdim, amma bu, baş vermir. Ona görə də gələn mövsüm nə olacağını bilmirəm”.
“Qarabağ”ın Azərbaycan çempionu ola bilməməsi barədə danışan oyunçu bunun futbolun bir hissəsi olduğunu deyib: “Çox oyun izləmişəm və düşünmürəm ki, problem var. Bəzən çempion olursan, bəzən olmursan. Bu, futbolun bir hissəsidir. Məncə, UEFA Çempionlar Liqası “Qarabağ” üçün uğurlu keçdi”.
Futbolçu gələcəkdə yenidən “Qarabağ”a qayıtmaq ehtimalını da istisna etməyib.
