Almaniyanın “Bavariya” futbol komandasının hücumçusu Harri Keyn karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
İdman.Biz xəbər verir ki, 32 yaşlı forvardın “Barselona” variantında maraqlı olduğu və xidmətlərini Kataloniya klubuna təklif etdiyi iddia olunur.
“Barselona” İngiltərə millisinin hücumçusunu Robert Levandovskinin gedişindən sonra hücum xəttini gücləndirmək üçün variantlardan biri kimi nəzərdən keçirir.
Keynin “Bavariya” ilə müqaviləsində 65 milyon avroluq (130 milyon AZN) sərbəstqalma bəndi var və müqaviləsi 2027-ci ilin iyununa qədərdir. “Barselona”nın futbolçuya 2029-cu ilin yayına qədər müqavilə təklif etməyə hazır olduğu bildirilir.
İngilis futbolçu 2025/26 mövsümündə Bundesliqanın son turunda “Köln”ə qarşı het-trik edib və çempionatı 36 qolla başa vurub.
