Qoretska, Cekson və Gerreyru “Bavariya”dan ayrılır

17 May 2026 09:35
123
Qoretska, Cekson və Gerreyru “Bavariya”dan ayrılır

Almaniyanın “Bavariya” futbol klubu Leon Qoretska, Nikolas Cekson və Rafael Gerreyru ilə vidalaşıb.

İdman.Biz xəbər verir ki, Münhen təmsilçisi mövsümün son ev oyunundan əvvəl üç futbolçuya xüsusi vida mərasimi təşkil edib. Klubun rəsmi məlumatında onların yayda komandadan ayrılacağı və xidmətlərinə görə təşəkkür aldıqları qeyd olunub.

Qoretska “Bavariya”da səkkiz il keçirib. O, bu müddətdə 15 titul qazanıb, 2020-ci ildə tarixi altılığın əldə olunmasında pay sahibi olub. Futbolçu Münhen təmsilçisinin heyətində 211 rəsmi oyunda 40 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.

Gerreyru 2023-cü ilin yayında “Bavariya”ya keçib. Portuqaliyalı futbolçu komandanın heyətində 93 matçda 14 qol vurub və yeddi məhsuldar ötürmə edib. Cekson isə bu mövsüm “Çelsi”dən icarə əsasında Münhen klubunda çıxış edib və 33 rəsmi oyunda 10 qol, üç məhsuldar ötürmə ilə fərqlənib.

İdman.Biz