İrandan FIFA-ya bayraq qadağası ilə bağlı tələb

14 May 2026 16:57
192
İrandan FIFA-ya bayraq qadağası ilə bağlı tələb

İran Futbol Federasiyası 2026-cı il Dünya Çempionatı zamanı stadionlarda LGBT bayraqları və “Qadın, həyat, azadlıq” şüarlı bannerlərin qadağan olunmasını istəyir.

İdman.Biz xəbər verir ki, İran tərəfi FİFA-dan bir sıra təminatlar almağa çalışır. Bu tələblər arasında oyunlara yalnız milli bayraqların buraxılması, dini və mədəni dəyərlərə zidd hesab edilən simvolların tribunada görünməməsi də var.

Məsələ xüsusilə 26 iyunda Sietldə keçiriləcək İran - Misir matçı ilə bağlı gündəmə gəlib. Həmin qarşılaşma yerli təşkilatçılar tərəfindən “Pride Match” (eyni cinslərin evliliyinin təbliği də daxil olmaqla bu kimi tədbirlərin təşkili) kimi planlaşdırılıb. Bu qərar püşkatmadan əvvəl qəbul olunub, lakin sonradan həmin oyuna İran və Misir düşüb. Hər iki ölkə bu təşəbbüsə etiraz edib.

İran rəsmiləri təşkilatçıların iştirakçı ölkələrin dini və mədəni dəyərlərini nəzərə almalı olduğunu bildirirlər. Onların fikrincə, Dünya Çempionatı oyunlarında yalnız milli simvollar nümayiş etdirilməlidir.

Sietl təşkilatçıları isə LGBT mövzusuna həsr edilən tədbirlərdən imtina etməyiblər. Yerli komitə bu tədbirlərin FIFA-nın rəsmi stadion proqramından ayrıca, şəhər miqyaslı ictimai tədbirlər çərçivəsində planlaşdırıldığını bildirir.

İdman.Biz