Kahim Parris: “Mövsümün ən yaxşı komandasıyıq” - MÜSAHİBƏ

14 May 2026 17:59
149
Kahim Parris: “Mövsümün ən yaxşı komandasıyıq” - MÜSAHİBƏ

“Komanda möhtəşəmdir”.

Bunu “Sabah”ın yarımmüdafiəçisi Kahim Parris futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Azərbaycan Kubokunu qazanmaq necə hissdir?

– Möhtəşəmdir. Məşqlərdə çox ağır işlədik. Buraya gəlib nəyə qadir olduğumuzu göstərdik. Meydanda yaxşı çıxış etdik. Bu, möhtəşəm komandadır və mən xoşbəxtəm.

– Komanda “dubl” etdi: həm ölkə çempionu oldunuz, həm kuboku qazandınız…

– Bu, mənim ilk dublumdur. Dediyim kimi, çox möhtəşəmdir və eyni zamanda çox çətindir. Bunun üçün çox çalışdıq və sonda zəhmətimizin bəhrəsini gördük.

– Sizcə, uğurlarınızın əsas səbəbi nədir?

– Komanda möhtəşəmdir. Böyük işlər gördük və minnətdaram, çünki hər kəs çox əziyyət çəkdi. Qarşımıza qoyduğumuz məqsədlərə çatdıq.

– Növbəti hədəf nədir?

– Bu gün gələcəyə daha tənqidi yanaşmalıyıq, çünki hər zaman belə olmur. Öz oyun tərzimizə sadiq qalmalı, səbirli oynamalı və inkişaf etməliyik. Son oyunda da, bu gün də səbirli idik, yaxşı oynadıq və “dubl” qazandıq.

– Hesabı “Zirə” açdı. Bu, sizə çətinlik yaratdı?

– Sonda səbirli olduq, iki qol vurduq və oyunu qazandıq.

– Komandanızı bir sözlə necə ifadə edərsiniz?

– Bu, mövsümün ən yaxşı komandasıdır, çünki çox yaxşı mövsüm keçirdik. Komandaya iki kuboku qazanmaqda kömək etdiyim üçün xoşbəxtəm.

– Çempionlar Liqasında uğur qazana biləcəksiz?

– İndi bir az istirahət edib Çempionlar Liqasına hazırlaşacağıq. Çətin olacaq, çox çətin. Sadəcə öz oyunumuzu oynamalı, səbirli olmalı və necə olacağını görməliyik.

– Sizin kuboku qazanmağınız “Qarabağ”, “Turan Tovuz” və “Neftçi”ni də sevindirdi…

– Vəsiqə qazanan bütün komandaları təbrik edirəm. Onlar üçün şadam. Ümid edirəm ki, yaxşı çıxış edərlər.

İdman.Biz