“Çətin rəqibə qarşı oynayırdıq. Bilirdik ki, oyuna sürətli başlamalı və erkən qol vurmalıyıq. Elə də alındı: İlk dəqiqədə hesabı açdıq və bundan sonra oynamaq daha rahat oldu”.
Bunu “Neftçi”nin futbolçusu İmad Faraj evdə “Şamaxı”ya 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 31-ci tur matçından sonra deyib.
İkinci qolu vuran 27 yaşlı yarımmüdafiəçinin fikrincə, hesab bundan da böyük ola bilərdi.
”Düşünürəm ki, daha böyük hesabla - 4:0 və ya 5:0 hesabı ilə də qalib gələ bilərdik. Amma nəticə yaxşıdır”, - deyə o, sportnet.az-a açıqlamasında söyləyib.
Fransalı sol cinah vingeri “ağ-qaralar”ın avrokubok şanslarından da söz açıb:
“Əlbəttə, Bizon Azərbaycan Kubokunun finalında “Sabah”a azarkeşlik edəcəyik. Çünki onların “Zirə”yə qalib gəlməsi bizə Konfrans Liqasına vəsiqə baxımından kömək edə bilər. Hazırda “Zirə”ni turnir cədvəlində 3 xal qabaqlasaq da, düşünürəm ki, bunu rəsmiləşdirmək üçün ən azı daha bir oyunda qalib gəlməliyik. İnanırıq ki, “Sabah” kuboku qazanacaq”.
