Flik üçün ən ağır gündə beşinci kubok

11 May 2026 04:11
294
Flik üçün ən ağır gündə beşinci kubok

Futbol üzrə İspaniyanın “Barselona” komandasının baş məşqçisi Hans-Diter Flik Kataloniya klubunda beşinci titulunu qazanıb.

İdman.Biz xəbər verir ki, “Barselona” La Liqanın 35-ci turunda “Real Madrid”i 2:0 hesabı ilə məğlub edərək 2025/26 mövsümünün çempionu olub. Bu nəticədən sonra Flik “Barselona” ilə beşinci kubokunu əldə edib.

Almaniyalı mütəxəssis Kataloniya klubuna 2024-cü ilin mayında rəhbərlik etməyə başlayıb. O, “Barselona” ilə ötən mövsüm La Liqanı qazanıb, iki dəfə İspaniya Superkubokunun, bir dəfə isə İspaniya Kubokunun qalibi olub.

Qələbə Flik üçün ağır günə təsadüf edib. 10 may səhəri baş məşqçinin atası vəfat edib. Buna görə “Barselona” – “Real Madrid” matçı bir dəqiqəlik sükutla başlayıb, Kataloniya klubunun futbolçuları isə meydana qara sarğı ilə çıxıblar.

“Barselona” bu qələbədən sonra xalını 91-ə çatdırıb və “Real Madrid”i 14 xal qabaqlayıb. Madrid klubu 77 xalla ikinci pillədə qərarlaşıb.

İdman.Biz