Futbol üzrə Misli Premyer Liqasında çıxış edən “Turan Tovuz” komandasının baş məşqçisi Kurban Berdiyev 31-ci turun “Karvan-Yevlax”la oyunundan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis matçın çətin keçəcəyini əvvəlcədən bildirdiyini deyib. O, futbolçuların qarşılaşmanın məsuliyyətini yaxşı anladıqlarını vurğulayıb.
“Futbolçulara çətin oyun olacağını demişdim. Çünki onlar məsuliyyəti dərk edirdilər. Şükür Allaha, qələbə qazanaraq tapşırığın öhdəsindən gəldik”, – deyə Berdiyev bildirib.
Baş məşqçi Azərbaycandakı uğurun onun karyerasında xüsusi yer tutduğunu qeyd edib. Onun sözlərinə görə, “Turan Tovuz”da görülən iş təkcə nəticə baxımından deyil, klubun inkişaf yolu və azarkeşlərə sevinc bəxş etmək məqsədi ilə də önəmlidir:
“Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur. Çünki mən bura gələndə klub prezidenti qarşımıza xeyirli məqsədlər qoydu ki, tovuzlu azarkeşlərə sevinc bəxş edək. Klub prezidentinə təşəkkür edirəm ki, bu layihəyə görə ürəyini qoydu. Bu müddət ərzində harada oynamağımızdan asılı olmayaraq bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Bu uğur karyeramda xüsusi əhəmiyyətli yer tutur. Çünki bu iki il ərzində ən aşağı nöqtələrdən başladıq və gəldiyimiz nöqtə budur – avrokuboklara gedirik”.
Berdiyev “Turan Tovuz”un avrokuboklarda uğurlu çıxış etməsi üçün heyətin gücləndirilməsinin vacibliyini də bildirib. O, klub rəhbərliyinin bu istiqamətdə tapşırıq verdiyini söyləyib:
“Klub prezidenti tapşırıq verib ki, heyət güclənməlidir. Futbolçular dəvət etmək üçün variantlar axtarırıq. Oyunçuları dəvət edəndə baxırlar ki, klub avrokuboklarda oynayır, ya yox. İndi daha asan olacaq”.
Mütəxəssis növbəti mövsüm Premyer Liqada hədəfin yüksəlib-yüksəlməyəcəyi ilə bağlı isə ehtiyatlı danışıb. Berdiyev bunun komandanın nə dərəcədə güclənəcəyindən asılı olacağını qeyd edib:
“Bu barədə indidən danışmaq çətindir. Bu, komandanın nə qədər güclənməyindən asılı olacaq. Baxın, “Sabah” güclü heyətə sahib olduğu üçün çempion oldu. Bunu da inkar edə bilmərik. Məhz gələnlər “Sabah”ın oyununu canlandırdı. Həmçinin baş məşqçi amili də özünü doğrultdu”.
“Turan Tovuz” bu qələbə ilə avrokuboklara vəsiqə hədəfinə çatıb və mövsümün əsas uğurlarından birinə imza atıb.
