Ayxan Abbasov gediş mesajı verdi: son iki oyunum qalıb

10 May 2026 22:21
70
Ayxan Abbasov gediş mesajı verdi: son iki oyunum qalıb

Futbol üzrə Misli Premyer Liqasında çıxış edən “Şamaxı” komandasının baş məşqçisi Ayxan Abbasov 31-ci turun son oyununda “Neftçi” ilə qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis rəqibi qələbə münasibətilə təbrik edib və “Neftçi” üçün bu görüşün final xarakteri daşıdığını bildirib.
“Layiqli qələbə qazandılar. Bilirdik ki, onlar üçün final oyunudur. Keçən oyunda David Santosun zədələnməsi komandada ruh düşkünlüyü yaratdı. Ona Allahdan şəfa diləyirəm. Ağır zədə alıb”, - deyə Abbasov söyləyib.
Baş məşqçi mövsümün son oyunlarını gözlədiklərini vurğulayıb:
“Son oyunları gözləyirik. Çempionatın elə yerindəyik ki, bəzi klublar üçün son matçlar formal xarakter daşıyır. Buna baxmayaraq, son ev oyunumuz olacaq. “Turan Tovuz”a qarşı oynayacağıq. Hazırlaşacağıq. Bu gün də bəzi oyunçuları meydanda gördük”.
Baş məşqçi ardıcıl güclü rəqiblərlə oyunların komandaya təsir etdiyini bildirib. Onun sözlərinə görə, “Şamaxı” son iki matçda altı qol buraxsa da, bundan əvvəl az qol buraxan komandalar sırasında yer alırdı:
“Düzdür, iki oyuna altı top buraxdıq. Bundan əvvəl biz az qol buraxmağımıza görə dördüncü və ya beşinci yerdəydik. Təqvimimiz ağır idi. Çempionatı ümumi dəyərləndirəndə fikirləşirdik ki, son matçlar bizim üçün həlledici olsa, çox çətin olacaq. Avrokuboklara və çempionluğa oynayan rəqiblərlə qarşılaşdıq”.
Abbasov futbolçuların yorulduğunu, zədələrin və mövsüm sonu amilinin komandaya təsir etdiyini söyləyib:
“Bu matçlardan əvvəl çempionatda vəziyyətimiz aydın idi. Futbolçular bir az yorulub. Çox gərgin keçdi, zədələr oldu. Görürsən ki, futbolçular tətili gözləyirlər. Bu da normaldır. Onlar da bizə mane olur. “Neftçi” də çox motivasiyalı idi. Hamısı səbəbdir. Futbolçularım ağır yolda canlarını qoydular. Klub olaraq onlardan razıyıq. Azarkeşlərimiz də gəlmişdi. Onları sevindirmək istəyirdik. Amma alınmadı”.
Mütəxəssis “Şamaxı”dan ayrılması ilə bağlı sualı da cavablandırıb. Abbasov klubla mövsümün sonunda danışılacağını və komandada son iki oyununun qaldığını bildirib:
“Nəyə görə deyirdik ki, çempionatın sonunda... Çünki qışdan bu söhbət gedir, fikirlər var ki, yayda necə olacaq. Klubla danışmışıq, onların təhlilini etmişik, onlar bilir necə olacaq. “Şamaxı”da son iki oyunum qalıb. İstəyərdik ki, xallar qazanaraq ayrılaq”.
Baş məşqçi “Şəfa”nı çalışdıracağı ilə bağlı iddiaları isə təkzib edib. O, hələ klublardan təklif almadığını və əsas diqqətini millidəki işə yönəldəcəyini deyib:
“Elə söhbət olmayıb. Yəqin ki, bir yerə köklənəcəyik. Millidə bizi ağır yol gözləyir. Tam olaraq o oyunlara hazırlaşacağıq. Klublardan hələ təklif olmayıb”.

İdman.Biz