İngiltərənin “Mançester Yunayted” futbol komandasının yarımmüdafiəçisi Kazemiro sabiq futbolçu Ceymi Karragerin onun ünvanına səsləndirdiyi tənqidlərə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, braziliyalı ulduz hazırda televiziyada çıxış edənlərin çoxunun düşünmədən danışdığını qeyd edib. O, bu növ mübahisələrə girməyi heç vaxt sevmədiyini vurğulayıb.
Kazemiro Karragerin emosiyalarını başa düşdüyünü bildirərək rəqibinə keçmişi xatırladıb. Təcrübəli oyunçu bildirib ki, o, İspaniyanın “Real Madrid” futbol komandasının heyətində Karragerin vaxtilə çıxış etdiyi komandaya qarşı iki Çempionlar Liqası finalında qalib gəlib.
Yarımmüdafiəçinin sözlərinə görə, bir klub eyni adama iki final uduzursa, bu, həmin şəxsdə mütləq xoşagəlməz izlər buraxır.
Buna baxmayaraq, yarımmüdafiəçi sabiq futbolçuya qarşı heç bir neqativ hissi olmadığını və ona keçmiş oyunçu kimi hörmət etdiyini deyib.
O, Karragerin daha sonra səhvini etiraf edərək fikrini dəyişməsini ən vacib məqam kimi dəyərləndirib.
