“Qarabağ” kimi komandaya qol vurmaq hər futbolçu üçün xoş hissdir. Epizodu hələ təkrar izləməmişəm, amma yaxşı alındığını düşünürəm. Uzun müddətdir qol vurmurdum və buna görə çox xoşbəxtəm”.
Bu sözləri “Turan Tovuz”un futbolçusu Ayxan Hüseynov deyib.
26 yaşlı yarımmüdafiəçi səfərdə “Qarabağ”a 1:2 hesablı məğlubiyyəti belə şərh edib.
“İlk hissədə pis təsir bağışlamadıq. Amma fasilədən sonra oyuna girişimiz yenə zəif alındı. Bu, bizdə tez-tez təkrarlanan problemdir. ‘Qarabağ’ da bunu yaxşı dəyərləndirdi və qısa müddətdə iki qol vurdu. Sonradan oyunu çevirməyə çalışsaq da, alınmadı. Birinci hissədə daha çox mübarizə gedirdi, biz də əsasən əks-hücumlara üstünlük verirdik. Rəqib də hücumda təhlükəli idi. Amma ikinci hissənin əvvəli çox zəif alındı. Buraxdığımız qollar gözəl olsa da, belə epizodlara imkan verməməliyik. Sanki oyuna tam hazır çıxmamışdıq.
Sonda qol şanslarını qaçırdıq. Demək olar ki, 1 xal əldən getdi. Axır dəqiqələrdə real imkanlarımız oldu. Mənim də epizodum vardı, amma istifadə edə bilmədim. Bu cür məqamlar üzərində daha çox işləməliyik. İndi isə diqqəti növbəti oyuna yönəltməliyik”, - deyə o, futbolinfo.az-a açıqlamasında söyləyib.
Hüseynov azarkeş gözləntilərindən də danışıb:
“Azarkeşlər hər zaman bizdən maksimum nəticə gözləyir. Oyundan əvvəl xal fərqi az idi və qələbə ilə ikinci yerə yüksəlmək mümkün görünürdü. Amma əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bu baxımdan üçüncü yer də pis nəticə sayılmaz. İndi əsas hədəf bu mövqeni qorumaqdır. Əgər üçüncü pilləni saxlaya bilsək, bu, uğurlu mövsüm olacaq. “Turan Tovuz” üçün Premyer Liqadakı ən yaxşı nəticələrdən biri olar”.
“Qarabağ”a qarşı bu mövsüm qələbə qazana bilməmələrinə isə belə aydınlıq gətirib:
“Hər oyunda nəsə çatmadı. Üç görüşün hamısında minimal hesabla uduzduq. ‘Qarabağ’ güclü rəqibdir, onlara qarşı oynamaq çətindir. Bir az da bəxt amili rol oynayır. Keçən mövsüm bəzi oyunlarda şans bizim tərəfimizdə idi, indi isə əksinədir. Mövsüm çox ağır keçir. Hazırda yalnız qalan oyunlara fokuslanmışıq. Çempionat bitdikdən sonra avrokubokları düşünmək olar. Baş məşqçimiz Kurban Berdıyevin avrokubok təcrübəsi çox zəngindir. Əvvəlki komandalarında yaxşı nəticələr qazanıb. Bu təcrübə bizə də kömək edəcək. Onun rəhbərliyi altında komandanın daha yaxşı hazırlaşacağına inanırıq”.
