“Millətlər Liqasındakı rəqiblər münasib komandalardır”.
Bunu Azərbaycan yığmasının və “Neftçi”nin sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Ukraynalı məşqçi Yuri Vernidubun “Neftçi”dəki fəaliyyətini necə dəyərləndirirsiniz? Sizcə, o, “ağ-qaralar”ı bu mövsüm avrokuboklara çıxara biləcək?
– Düşünürəm ki, bacarar. Onun gəlişindən sonra “Neftçi” turnir cədvəlində irəlilədi. Bu mənada, Vernidubun “Neftçi”ni avrokuboklara aparacağına inanıram.
– Vernidublu “Neftçi” növbəti mövsümdə çempionluq mübarizəsi apara bilərmi?
– Bəli. Fikrimcə, “Neftçi” növbəti mövsüm çempionluq uğrunda mübarizə aparacaq.
– “Qarabağ” Çempionlar Liqasındakı tarixi uğuruna baxmayaraq, bu mövsüm ölkə çempionu və kubokun qalibi ola bilmədi. “Sabah”ın tarixindəki ilk çempionluq haqda nə deyə bilərsiniz? Onlardan bu uğuru gözləyirdiniz?
– Açığı, gözləmirdim. Yəqin ki, “Qarabağ” üçün sıx qrafikdə çempionata uyğunlaşmaq alınmadı. Həqiqətən də, çiyinlərindəki yük çox böyük idi.
– Necə düşünürsünüz, “Sabah” Çempionlar Liqasında uğurlu çıxış edə biləcək?
– Heç nə deyə bilmərəm. Hər şey mövsümöncəsi hazırlıqdan və komandanı hansı futbolçuların gücləndirəcəyindən asılıdır.
– Siz oynadığınız vaxtla müqayisədə Azərbaycan çempionatının səviyyəsində artım varmı?
– Mənə elə gəlir ki, indiki səviyyə daha aşağıdır. “Qarabağ” uzun illər favorit oldu. Amma o vaxt çempionluq uğrunda 5-6 komanda mübarizə aparırdı.
– Azərbaycan yığmasının Ayxan Abbasovun rəhbərliyi altındakı çıxışını necə şərh edirsiniz? Milli komandamız Millətlər Liqasında Litva və Lixtenşteynlə oyunlardan yaxşı nəticələrlə ayrıla və yenidən C Liqasına yüksələ biləcəkmi?
– Millətlər Liqasındakı rəqiblər münasib komandalardır. Azərbaycan yığması bu rəqiblərə qarşı yaxşı nəticələr əldə edə bilər. İnanıram ki, Azərbaycan millisi Millətlər Liqasında C Liqasına dönməyi bacaracaq.
