“Arsenal” - “Atletiko Madrid”: Çempionlar Liqasında qarşıdurmanın üçüncü və həlledici hissəsi - İDMAN.BİZ-in İCMALI

5 May 2026 17:14
118
“Arsenal” - “Atletiko Madrid”: Çempionlar Liqasında qarşıdurmanın üçüncü və həlledici hissəsi - İDMAN.BİZ-in İCMALI

Bu gün Londonda “Arsenal” və “Atletiko Madrid” arasında Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, qarşılaşma "Emirates Stadium"da baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Madrid şəhərində keçirilən ilk oyundan sonra tərəflər arasında üstünlük yoxdur. “Metropolitano” stadionunda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb. Birinci hissədə Viktor Dyökeres penaltidən fərqlənib, fasilədən sonra isə Xulian Alvares 11 metrlik zərbəni dəqiq yerinə yetirib.

Qeyd edək ki, komandalar cari mövsümdə üçüncü dəfə üz-üzə gələcəklər. Çempionlar Liqasının qrup mərhələsində “Arsenal” öz meydanında “Atletiko”nu 4:0 hesabı ilə darmadağın etmişdi. Həmin görüşdə Dyökeres dubl etmiş, Qabriel Maqalyaes və Qabriel Martinelli də qol vurmuşdular. Madriddə keçirilən yarımfinal oyunu isə daha gərgin və ehtiyatlı mübarizə şəraitində keçib, xüsusilə ikinci hissədə Diego Simeonenin komandası daha üstün təsir bağışlayıb.

Komandaların qarşılıqlı oyun statistikasında balans qorunur. Rəsmi görüşlərdə hər iki komanda bir dəfə qalib gəlib, iki qarşılaşma isə heç-heçə ilə başa çatıb. Bununla belə, son iki oyundan ibarət duel Madrid klubunun xeyrinədir. Belə ki, 2017/18 mövsümündə Avropa Liqasının yarımfinalında “Atletiko” ümumi hesabda 2:1 qalib gələrək növbəti mərhələyə yüksəlmiş və daha sonra turnirin qalibi olmuşdu.

“Arsenal” tarixində Çempionlar Liqasının yarımfinal mərhələsini cəmi bir dəfə adlaya bilib. 2006-cı ildə “topçular” yarımfinalda “Vilyarreal”ı (1:0, 0:0) mübarizədən kənarlaşdırsalar da, finalda “Barselona”ya 1:2 hesabı ilə məğlub olublar.

Hazırda Mikel Artetanın komandası demək olar ki, qüsursuz avrokubok mövsümü keçirir və turnirdə məğlub olmayan yeganə kollektivdir. Komanda eyni zamanda ən etibarlı müdafiə xətlərindən birinə malikdir.

“Atletiko” isə belə qarşılaşmaların dəyərini yaxşı bilir. Madrid klubu Avropa Çempionlar Kuboku və Çempionlar Liqasının finalına üç dəfə - 1974, 2014 və 2016-cı illərdə yüksəlsə də, hələlik kuboku qazana bilməyib. Xüsusilə Diego Simeone dövründə “Real Madrid”ə qarşı uduzulan 2014 və 2016-cı il finalları klub üçün daha ağrılı olub.

Hər iki komanda cavab oyununa milli çempionatlarda qazandıqları qələbədən sonra çıxacaq. “Arsenal” Premyer Liqada “Fulhem”i 3:0 hesabı ilə məğlub edərək uzun fasilədən sonra bir oyunda birdən çox qol vurmağı bacarıb. “Atletiko” isə La Liqada səfərdə “Valensiya”nı 2:0 hesabı ilə üstələyib. Bu görüşdə Simeone əsas heyətin bir neçə üzvünə istirahət vermişdi.

Heyət baxımından meydan sahiblərində vəziyyət yaxşılaşıb: Martin Edeqor və Kay Haverts oyuna hazırdır. “Atletiko”da isə Xulian Alvares zədədən tam bərpa olunub. Lakin Pablo Barrios və Niko Qonsales zədə səbəbindən qarşılaşmanı buraxacaqlar.

Ehtimal olunan heyətlər:

“Arsenal”: Raya; Uayt, Saliba, Qabriel, İnkapiye; Subimendi, Rays, Eze; Saka, Dyökeres, Martinelli.

“Atletiko”: Oblak; Lyorente, Pubil, Le Norman, Ruceri; Culiano Simeone, Koke, Kardoso, Lukman; Alvares, Qrizmann.

Oyundan əvvəl Mikel Arteta komandanın motivasiyası və azarkeşlərin dəstəyi barədə danışaraq bildirib ki, futbolçular qarşılaşmanın əhəmiyyətini dərk edir və tam hazırdırlar. Diego Simeone isə qeyd edib ki, komandası ilk oyunun ikinci hissəsində nümayiş etdirdiyi intensivliyi qoruyub saxlamalıdır.

Beləliklə, bu gün Londonda səhvə yer olmayan, yüksək gərginlikli futbol axşamı gözlənilir. “Arsenal” uğurlu avrokubok mövsümünü məntiqi sonluqla başa vurmağa çalışacaq, “Atletiko” isə təcrübəsinə və son dəqiqəyədək mübarizə aparmaq bacarığına güvənəcək. Qarşılaşmanın taleyini isə, böyük ehtimalla, xırda detallar və soyuqqanlılıq həll edəcək.

İdman.Biz