Fransanın PSJ futbol komandasının yarımmüdafiəçisi Vitinya baş məşqçi Luis Enrike haqqında xoş sözlər söyləyib. Portuqaliyalı futbolçu ispaniyalı mütəxəssisin həm peşəkar, həm də insani keyfiyyətlərini ön plana çəkib.
İdman.Biz xəbər verir ki, Vitinya Luis Enrike ilə işləməkdən zövq aldığını və onun yanında özünü rahat hiss etdiyini bildirib.
“Texniki və taktiki baxımdan malik olduğu məşqçi keyfiyyətlərindən əlavə, o, fantastik insandır. Biz onunla təkcə futbol haqqında danışmırıq və bu, çox yaxşıdır. O, səninlə çox səmimi danışan təbii və normal bir insandır”, - deyə yarımmüdafiəçi söyləyib.
Futbolçu məşqçi ilə dürüst münasibətin vacibliyini vurğulayaraq, Luis Enrikenin hər kəsə inam aşılamağı bacardığını qeyd edib:
“Məşqçi ilə ünsiyyət zamanı onun səmimiyyətini, sənin haqqında nə düşündüyünü və səndən nə tələb etdiyini hiss etmək çox önəmlidir. Əgər bir məşqçi təkcə nəticə vermirsə, həm də gündəlik işi ilə səni öz oyun fəlsəfəsinə inandırırsa, onu sevməmək mümkün deyil”.
