İngiltərənin “Arsenal” və İspaniyanın “Atletiko” futbol komandası arasında keçiriləcək oyun öncəsi Londonda insident yaşanıb. Madrid təmsilçisinin futbolçuları gecə saatlarında azarkeşlərin yaratdığı səs-küy səbəbindən çətin anlar yaşayıblar.
İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, “Arsenal”ın bir qrup azarkeşi gecə saat 01:30 radələrində “Atletiko” komandasının məskunlaşdığı otelin qarşısında atəşfəşanlıq təşkil edib. London klubunun tərəfdarları bu yolla rəqib oyunçuların yuxusunu pozmağa və onların oyunöncəsi hazırlığına mane olmağa çalışıblar.
İspaniya klubu baş verən hadisəyə dərhal reaksiya verib. “Atletiko” rəhbərliyi insidentlə bağlı UEFA-ya məlumat göndərib. Madrid təmsilçisi təhlükəsizlik tədbirlərinin kifayət qədər olmamasından və rəqib azarkeşlərin bu davranışından şikayətçi olub.
