“Vilyarreal”da vida: Marselino baş məşqçi postunu tərk edir

5 May 2026 16:40
126
“Vilyarreal”da vida: Marselino baş məşqçi postunu tərk edir

İspaniyanın “Vilyarreal” futbol komandası baş məşqçisi Marselino Qarsiya Toral ilə yollarını ayıracağını rəsmən açıqlayıb. Klubun yaydığı rəsmi bəyanatda 60 yaşlı mütəxəssisin cari mövsümün sonunda komandanı tərk edəcəyi bildirilib.

İdman.Biz “AS” nəşrinə istinadla xəbər verir ki, Marselinonun klubdakı ikinci dönəmi 24 may tarixində “Atletiko Madrid”ə qarşı keçiriləcək mövsümün son matçı ilə başa çatacaq. O, 2023-cü ilin noyabrında yenidən təyinat aldığı klubda böyük uğurlara imza atıb. Komandanı autsayderlər zonasından çıxararaq ardıcıl ikinci dəfə Çempionlar Liqasına vəsiqə qazandıran mütəxəssis həm də klubun tarixinə ən çox oyun keçirən (298 matç) və ən çox qələbə qazanan (145 qələbə) məşqçi kimi düşüb.

Buna baxmayaraq, tərəflər müqavilənin müddətini uzatmamaq qərarına gəliblər. İspaniya mətbuatının yazdığına görə, buna səbəb bəzi idarəçilik məsələlərində yaranan fikir ayrılıqlarıdır. Hazırda İspaniya La Liqasında üçüncü pillədə qərarlaşan “Vilyarreal” göstərdiyi xidmətlərə görə Marselinoya təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

İdman.Biz