Melburnun futbol kralı - İDMAN.BİZ-in Avstraliyada olan əməkdaşı Xuan Matanın oyunundan yazır - FOTO

28 Aprel 2026 17:08
182
Melburnun futbol kralı - İDMAN.BİZ-in Avstraliyada olan əməkdaşı Xuan Matanın oyunundan yazır - FOTO

Xuan Mata Avstraliyada ikinci gəncliyini yaşayır. İspaniya millisinin heyətində dünya və Avropa çempionu olan futbolçu “Melburn Viktori”də əlamətdar mövsüm keçirir: 13 məhsuldar ötürmə edib və beş qol vurub.

37 yaşlı yarımmüdafiəçi komandasını pley-off mərhələsinə çıxarıb və Melburndan olan İdman.Biz-in müxbiri onun karyerasını yaxından izləyir.

Mata cari mövsümün ən parlaq ulduzlarından biridir. Təcrübəli futbolçu sözün əsl mənasında yorulmaq bilmir və möhtəşəm çıxışını davam etdirir. Onun təsiri təkcə statistik göstəricilərlə məhdudlaşmır. O, “Sentral Koast Mariners” üzərində 4:1 hesablı qələbə ilə başa çatan oyunda başla qol vurub, “Melburn Siti”yə qarşı derbidə meydanın mərkəzindən effektli qola imza atıb, daha sonra isə “Sidney FK” ilə görüşdə cərimə zərbəsindən möhtəşəm qol vuraraq yenidən fərqlənib.

Bu epizodlar təkcə Avstraliyada deyil, başqa yerlərdə də diqqət çəkib. Karrinqtondakı məşq bazasında “Mançester Yunayted”in futbolçuları - Harry Maqkuayr və Bruno Fernandes də onun oyununu izləyərək heyranlıqlarını gizlətməyiblər. Bruno hətta bildirib ki, Matanın cərimə zərbəsindən qol vuracağını əvvəlcədən bilirdi.

Halbuki ötən mövsüm ispan futbolçu Avstraliyanın digər klubu “Vestern Sidney Vanders”də demək olar ki, gözə dəymirdi. O, az oynayır və matçların gedişinə ciddi təsir göstərə bilmirdi. Lakin Melburna keçiddən sonra hər şey kəskin şəkildə dəyişib.

Matanın dirçəlişi onun karyerası fonunda daha da dəyərli görünür. O, sonuncu dəfə bu cür statistik göstəriciləri 2015/16 mövsümündə “Mançester Yunayted”də çıxış edərkən göstərmişdi - həmin vaxt 10 qol vurmuş və 10 məhsuldar ötürmə etmişdi. O vaxtdan sonra yarımmüdafiəçi bir neçə eniş dövrü yaşayıb.

“Vissel Kobe”də demək olar ki, özünü göstərə bilməyib, “Qalatasaray”də məhdud töhfə verib, “Old Trafford”dakı son dövrü isə xüsusi ilə yadda qalmayıb. Buna görə də onun “Melburn Viktori”dəki qayıdışı xüsusi əhəmiyyət daşıyır. Komanda müntəzəm mövsümü dördüncü pillədə başa vurub və yaxın həftəsonu pley-offda “Sidney FK” ilə qarşılaşacaq.

Müxbirimizin iştirak etdiyi açıq məşqdə Mata ambisiyalarını gizlətməyib: “Qələbə seriyamızı davam etdirmək və finala yüksəlmək uğrunda mübarizə aparmaq istəyirik”. İspan futbolçunun komanda yoldaşları da ona pley-offda uğur qazanmaqda kömək etməyə və daha sonra onu klubda saxlamaq üçün əllərindən gələni etməyə hazırdırlar.

Hazırkı forması barədə danışan Mata futbola olan sevgisini qoruduğunu vurğulayıb: “Hər məşqdən və hər oyundan zövq alıram. Müxtəlif ölkələrdə və mədəniyyətlərdə futbol oynamaq bir imtiyazdır”.

Peşəkar töhfəsi ilə yanaşı, yarımmüdafiəçi “Melburn Viktori” üçün həm də mənəvi liderə çevrilib. Onun təcrübəsi və soyuqqanlılığı komandanın titul uğrunda mübarizədə sabit qalmasına kömək edib. İspan futbolçunun təsirli forması ona bir sıra fərdi mükafatlar da qazandırıb. O, yanvar və fevral aylarında A-liqada “ayın futbolçusu” seçilib, dekabrda isə Oyunçular Assosiasiyası tərəfindən "Most Valuable Player"(Ən dəyərli oyunçu) mükafatına layiq görülüb.

Görünür, Mata üçün futbol yolu hələ başa çatmayıb. O, Avstraliyada sübut edir ki, ən yaxşı anlar bəzən karyeranın gec mərhələlərində də baş verə bilər.

İdman.Biz