Marko Yankoviçdən sensasiyalı açıqlama: “Hakim mənə söyüş söydü və otağına çağırdı” - FOTO

25 Aprel 2026 01:44
175
Marko Yankoviçdən sensasiyalı açıqlama: “Hakim mənə söyüş söydü və otağına çağırdı” - FOTO

“Qarabağ” futbol komandasının yarımmüdafiəçisi Marko Yankoviç sosial şəbəkə hesabında onun hakimi vurmaq istəməsi ilə bağlı yayımlanmış görüntü barədə açıqlama yayıb. Təcrübəli futbolçu son matçda aldığı qırmızı vərəqə və meydanda baş verən gərginliklə bağlı yazıb.

İdman.Biz xəbər verir ki, Yankoviç ədalət təmsilçisinin ona qarşı qeyri-etik ifadələr işlətdiyini və peşəkarlıqdan uzaq davrandığını iddia edib.

O, jurnalistlərə müraciət edərək hadisənin görünməyən tərəflərini işıqlandırıb:

“Əgər mən onu vurmaq istəsəydim, bunun üçün kifayət qədər imkanım var idi. Özünüzə sual vermisinizmi ki, hakim mənə nə dedi və ya nə etdi ki, belə reaksiya verdim? Məsələ penalti deyil. Meydanda ondan VAR-a baxmağı xahiş edəndə mənə qırmızı vərəqə göstərdi və ağır söyüş söydü. Bunu təkcə mənə yox, bir neçə dəfə digər oyunçulara da etdi”.

Yankoviç həmçinin qeyd edib ki, hakim onu oyundan sonra paltardəyişmə otağına dəvət edərək təxribata çəkib:

“Meydanda ən təmkinli şəxs olmalı olan hakim məni öz otağına dəvət edir?! Niyə? Mənimlə dalaşmaq üçün? Bu, absurd, qeyri-peşəkar və peşəsinə qarşı hörmətsizlikdir. Mən onun qərarı ilə razılaşmaya bilərəm, amma ona heç kim elə ağır söyüş söyməyib”.

Yankoviç xatırladıb ki, bu, onun “Qarabağ”da keçirdiyi dörd il ərzində aldığı ilk, bütün karyerası boyu isə cəmi ikinci qırmızı vərəqədir.

İdman.Biz