Madriddə amansız döyüş: “Barselona” beş ulduzunu itirib

25 Aprel 2026 02:03
297
Madriddə amansız döyüş: “Barselona” beş ulduzunu itirib

İspaniyanın “Barselona” futbol komandası bu günü keçiriləcək “Xetafe” matçı öncəsi ağır itkilərlə qarşılaşıb. Kataloniya təmsilçisi Madrid səfərinə əsas heyətin beş mühüm oyunçusu olmadan yollanacaq.

İdman.Biz xəbər verir ki, hazırda turnir cədvəlində doqquz xal fərqi ilə öndə olan “Barça” çempionluq yolunda kritik sınağa çıxır. Lakin komandanın ən parlaq ulduzu Lamin Yamal ötən tur “Selta” ilə oyunda aldığı bud nahiyəsinin zədəsi səbəbindən mövsümü vaxtından əvvəl başa vurub.

Baş məşqçi Hansi Flik mətbuat konfransında bildirib ki, Yamal ilə yanaşı, dizindən zədəli olan Andreas Kristensen və Rafinya da bu matçda iştirak etməyəcək. Həmçinin, topuğundan ciddi zədə alan Mark Bernalın da sıraya dönməsi gözlənilmir.

Zədəlilərdən başqa, Erik Qarsiya da cəzalı olduğu üçün Madrid səfərini qaçıracaq. Yamalın yoxluğunda hücum xəttində 20 yaşlı Runi Bardjinin əsas heyətdə meydana çıxacağı gözlənilir. Flik isveçli gənc istedadın hazır olduğunu və daha çox şans qazanacağını vurğulayıb.

Sevindirici məqam isə odur ki, zədəsi səbəbindən sıradan çıxacağı gözlənilən Joao Kanselo sağalaraq heyətə daxil edilib. Həmçinin, müdafiədə Alexandro Balde və Ronald Arauxonun, yarımmüdafiədə isə Frenki de Yonqun yenidən start heyətinə qayıtması gözlənilir.

İdman.Biz