Fransa Liqa 1-in 31-ci turunda mövsümün ən dramatik oyunlarından biri yaşanıb. “Brest” doğma meydanda “Lans” ilə qarşılaşıb. Meydan sahibləri oyunda üç top fərqi ilə önə keçsələr də, qonaqlar möhtəşəm iradə nümayiş etdirərək bərabərliyi təmin ediblər - 3:3.
İdman.Biz xəbər verir ki, “Brest” yeddinci dəqiqədə Dauda Qvindonun qolu ilə hesabı açıb. 24-cü dəqiqədə Luka Tusar, 42-ci dəqiqədə isə Erik Junior Ebimbe fərqi üçə çatdıraraq “Lans”ı darmadağın astanasına gətiriblər.
Lakin ikinci hissədə meydanda tam fərqli “Lans” görünüb. 60-cı dəqiqədə Florian Toven fərqi iki topa endirərək intriqanı bərpa edib. Cəmi dörd dəqiqə sonra Abdalla Sima hesabı 3:2 edərək gərginliyi maksimuma çatdırıb. Matçın sonuna əlavə olunmuş dəqiqələrdə isə səhnəyə Allan Sent-Maksimen çıxıb. Fransalı ulduz vurduğu qolla komandasını real məğlubiyyətdən xilas edib.
Bu nəticədən sonra xallarını 63-ə çatdıran “Lans” turnir cədvəlində ikinci pillədəki yerini qoruyub. 38 xalı olan “Brest” isə 11-ci yerə yüksəlib.
