İngiltərənin “Mançester Yunayted” futbol komandasının kapitanı Brunu Fernandeş Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasından gələn astronomik transfer təklifini niyə geri çevirdiyini ilk dəfə açıqlayıb.
İdman.Biz xəbər verir ki, portuqaliyalı ulduz BBC-də yayımlanan “The Wayne Rooney Show” proqramına müsahibəsində karyerası ilə bağlı atdığı bu addımın pərdəarxası məqamlarını bölüşüb.
Fernandeş klubun çətin dövründə “Old Trafford”u tərk etməyi düzgün hesab etmədiyini bildirib. O, ailəsinin sadə həyata üstünlük verdiyini və böyük pulların onun üçün hər şey olmadığını vurğulayıb:
“Mən qaldım, çünki kluba hələ də fayda verə biləcəyimi düşündüm. Əlbəttə, Səudiyyə Ərəbistanı variantı və pullar... Söhbət həqiqətən çox böyük məbləğlərdən gedirdi. Amma ailəmlə hər zaman yerə sağlam basan insanlar olmuşuq. Dünyanın ən zəngin adamı olmağa çalışmırıq. Biz sadəcə xəyallarımızı reallaşdırmaq və övladlarımızla yaxşı həyat yaşamaq istəyirik”.
Təcrübəli yarımmüdafiəçinin bu qərarında həyat yoldaşının sualı həlledici rol oynayıb. Xanımı ona, “sən xəyallarına, o qədər can atdığın zirvələrə çatmısanmı” sualını verdikdə, Brunu hələ “qırmızı şeytanlar”la qazanmalı olduğu kubokların olduğunu dərk edib.
“Mançester Yunayted”lə hələ də İngiltərə Premyerliqasını və UEFA Çempionlar Liqasını qazanmaq istədiyini deyən ulduz futbolçu, ərəblərin ona illik təxminən 36 milyon funt-sterlinq (82 milyon AZN) civarında maaş təklif etməsinə baxmayaraq, komandada qalıb.
