“Mançester Yunayted” ABŞ millisinin liderini hədəfə aldı

14 İyun 2026 16:23
93
“Mançester Yunayted” ABŞ millisinin liderini hədəfə aldı

İngiltərənin “Bornmut” futbol klubunun və ABŞ milli komandasının yarımmüdafiəçisi Tayler Adams “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

İdman.Biz “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Mançester təmsilçisinin rəhbərliyi 27 yaşlı futbolçunun çıxışlarını diqqətlə izləyir və onun transferini nəzərdən keçirir.

Mənbənin məlumatına görə, “Mançester Yunayted”in analitik şöbəsi ABŞ millisinin üzvünün statistik göstəricilərini yüksək qiymətləndirib. Adamsın bəzi oyun parametrlərində “Qızıl top”un sahibi Rodrinin göstəricilərinə yaxınlaşdığı, hətta onu üstələdiyi qeyd olunur.

Amerikalı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 26 matçda iştirak edib, iki qol vurub və iki məhsuldar ötürmə verib.

Adamsın “Bornmut”la qüvvədə olan müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 25 milyon avro (49,4 milyon manat) qiymətləndirir.

Hazırda Tayler Adams ABŞ milli komandasının düşərgəsindədir. Yarımmüdafiəçi ölkəsində keçirilən DÇ-2026-da yığmanın heyətində mübarizə aparır.

İdman.Biz