İngiltərənin “Koventri Siti” futbol komandasını 25 illik fasilədən sonra yenidən Premyerliqaya yüksəldən Frenk Lempard, İngiltərənin “Çelsi” futbol komandasına qayıdacağı ilə bağlı yayılan xəbərlərə kəskin reaksiya verib.
İdman.Biz xəbər verir ki, Liam Rosenyorun gedişindən sonra adı London klubu ilə hallanan mütəxəssis, hazırda bütün diqqətini mövcud uğurlarına yönəltdiyini bildirib.
Lempard “zadəganlar”la bağlı keçmişinə hörmətlə yanaşsa da, hazırda fərqli bir missiyanı yerinə yetirdiyini vurğulayıb:
“Çelsi” həyatımın böyük bir hissəsidir, lakin hazırda bu, onların işidir, mənim işim isə buradadır. İstərdim ki, “Koventri Siti” azarkeşləri sadəcə qazandığımız uğurlardan zövq alsınlar. Məşqçilik dünyasında bir çox şey nəzarətdən çıxa bilər, sən yalnız öz işini idarə edə bilərsən”.
Lempard rəhbərlik etdiyi kollektivin inkişafını hədəfləyir:
“Düşünürəm ki, hazırda olduğumuz mövqedən zövq almalıyıq. Heyrətamiz bir mövsüm keçirdik və mən bu uğurun bir parçası olduğum üçün çox xoşbəxtəm. Burada gördüyüm işdən həzz alıram, kimin narahat olub-olmamasına mən nəzarət edə bilmərəm”.
