“Fənərbağça”dan Osimhen həmləsi: derbiöncəsi şikayət

24 Aprel 2026 03:57
287
“Fənərbağça”dan Osimhen həmləsi: derbiöncəsi şikayət

Türkiyə Superliqasının 31-ci həftəsində lider “Qalatasaray”ın qonağı olacaq “Fənərbağça” rəqib komandanın hücumçusu Viktor Osimhenlə bağlı hərəkətə keçib. İstanbul klubu nigeriyalı futbolçunun oyunlar zamanı qoluna taxdığı aparatla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi müraciət etməyə hazırlaşır.

İdman.Biz xəbər verir ki, “Fənərbağça” rəhbərliyi Osimhenin “Gənclərbirliyi” ilə matçda istifadə etdiyi aparatın sərt strukturuna görə rəqib oyunçulara ciddi xəsarət yetirə biləcəyini əsas gətirib. Klubun hazırladığı hesabatda bu növ qoruyucu vasitələrin meydanda digər futbolçular üçün risk yaratdığı vurğulanır və ulduz futbolçunun növbəti matçlarda bu şəkildə oynamasına qadağa qoyulması tələb olunur.

Məlumata görə, klub İFAB (Beynəlxalq Futbol Assosiasiyaları Şurası) qaydalarına istinad edərək xüsusi sənəd hazırlayıb. Həmin hesabatın qısa müddət ərzində TFF-yə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, Viktor Osimhen uzun sürən zədədən sonra yaşıl meydanlara qolunda həmin aparatla qayıdıb.

İdman.Biz