Türkiyə kubokunda dörddəbir final mərhələsi başa çatıb və mübarizəni davam etdirən son dörd komanda məlum olub. Gərgin keçən qarşılaşmalardan sonra yarımfinalda “Gənclərbirliyi” - “Trabzonspor” və “Beşiktaş” - “Konyaspor” cütlükləri üz-üzə gələcək.
İdman.Biz xəbər verir ki, dörddəbir final mərhələsi sensasiyalı nəticələrlə yadda qalıb. “Konyaspor” səfərdə “Fənərbağça”nı uzatma dəqiqələrində vurduğu qolla (1:0) turnirdən kənarlaşdırıb. Digər sürpriz isə Ankarada yaşanıb; “Qalatasaray”ı 2:0 hesabı ilə məğlub edən “Gənclərbirliyi” yarımfinala vəsiqə qazanıb. “Trabzonspor” penaltilər seriyasında “Samsunspor”u (3:1), “Beşiktaş” isə “Alanyaspor”u (3:0) keçərək adını növbəti mərhələyə yazdırıb.
Yarımfinal oyunlarının ilkin təqvimi də müəyyənləşib. “Beşiktaş” - “Konyaspor” matçı mayın 5, 6 və ya 7-də baş tutacaq. Bu oyunun tarixindəki dəyişikliyə səbəb mayın 20-də “Tüpraş Stadium”da keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşmasıdır. “Gənclərbirliyi” - “Trabzonspor” görüşü isə mayın 12-14-ü aralığında oynanılacaq.
Qeyd edək ki, yarımfinal mərhələsi tək oyundan ibarət olacaq. Bu görüşlərdə qalib gələn tərəflər mayın 24-də keçiriləcək böyük finalda çempionluq uğrunda mübarizə aparacaqlar.
00:06
Türkiyə kubokunun dörddəbir final mərhələsində “Beşiktaş” öz meydanında “Alanyaspor”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, matçda hesabı 17-ci dəqiqədə El Bilal Ture açıb. Oyunun 82-ci dəqiqəsində Olaitan rəqib qapıçısının səhvindən yararlanaraq topu Ohuna ötürüb, o isə fərqi ikiyə çatdırıb. Cəmi üç dəqiqə sonra Milot Raşitsanın sağ cinahdan ötürməsini Orkun Kökçü kəllə zərbəsi ilə qola çevirərək matçın son nöqtəsini qoyub.
Bu qələbə ilə adını yarımfinala yazdıran Sergen Yalçının yetirmələri final yolunda “Konyaspor”la qarşılaşacaqlar. “Fənərbağça”nı turnirdən kənarlaşdıran Konya təmsilçisi ilə keçiriləcək oyun “Beşiktaş”ın ev sahibliyi ilə baş tutacaq. “Alanyaspor” isə bu məğlubiyyətlə kubokla vidalaşıb.
22:45
Türkiyə kubokunun dörddəbir final mərhələsində “Trabzonspor” səfərdə “Samsunspor”un qonağı olub. Normal vaxtı və əlavə dəqiqələri qolsuz bərabərliklə başa çatan mübarizənin taleyi penaltilər seriyasında həll olunub.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın 69-cu dəqiqəsində Şerif Ndiaenin qırmızı vərəqə alması ilə meydan sahibləri azlıqda qalıblar. Buna baxmayaraq, “Trabzonspor” rəqib qapısına yol tapa bilməyib və oyun penaltilər seriyasına qədər uzanıb.
“Bordo-mavililər”in qapıçısı Andre Onana penaltı atışları zamanı üç dəfə seyv edərək matçın qəhrəmanına çevrilib. Yekunda rəqibinə 3:1 hesabı ilə qalib gələn Trabzon təmsilçisi yarımfinala vəsiqəni rəsmiləşdirib.
“Trabzonspor” yarımfinal mərhələsində “Gənclərbirliyi” ilə qarşılaşacaq.
