İspaniyanın “Real Madrid” futbol klubunun prezidenti Florentino Peres komandanın hazırkı baş məşqçisi Alvaro Arbeloa ilə bağlı planlarını qətiləşdirib. Klub rəhbəri gənc mütəxəssisi mövsümün sonunda vəzifəsindən azad etmək niyyətindədir.
İdman.Biz jurnalist Xorxe Pikona istinadla xəbər verir ki, idarə heyətinin bəzi üzvləri Arbeloanın komandada qalmasının və özünü sübut etmək üçün şans verilməsinin tərəfdarıdırlar. Lakin Peres bu məsələdə güzəştə getmək fikrində deyil və yayda sükan arxasına daha təcrübəli bir mütəxəssis gətirmək istəyir.
Alvaro Arbeloa bu ilin yanvar ayında İspaniya Superkubokunun finalında “Barselona”ya uduzan (2:3) Xabi Alonsonu əvəz edərək “kral klubu”nun rəhbərliyinə gətirilib. Onun rəhbərliyi altında Madrid təmsilçisi İspaniya kubokunda və Çempionlar Liqasında mübarizəni müvafiq olaraq 1/8 və 1/4 final mərhələlərində dayandırıb.
La Liqada da işlər planlaşdırıldığı kimi getmir. Çempionatın başa çatmasına altı tur qalmış “Real” lider “Barselona”dan 9 xal geri qalır və turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Peresin artıq növbəti mövsüm üçün Yürgen Klopp, Zinəddin Zidan və Unay Emeri kimi namizədləri nəzərdən keçirdiyi bildirilir.
