Badri Kvaratsxeliya oğlunun “Arsenal”a mümkün keçidi barədə danışıb

28 Aprel 2026 11:48
155
Badri Kvaratsxeliya oğlunun “Arsenal”a mümkün keçidi barədə danışıb

Milli komandamızın sabiq üzvü Badri Kvaratsxeliya oğlu Xviça Kvaratsxeliyanın PSJ-də xoşbəxt olduğunu və “Arsenal”a keçidinin gündəmdə olmadığını bildirib.

İdman.Biz xəbər verir ki, o, bu barədə Kvirispalitra.ge portalına açıqlamasında danışıb.

“Hazırda o, çox güclü komandada çıxış edir. PSJ-də Xviçanı sevirlər və ona inanırlar. O, komandanın aparıcı futbolçularından biridir. Niyə transfer barədə düşünsün? Əgər klub onunla yolları ayırmaq istəsə, o zaman keçidi müzakirə edə bilərik. Amma hazırda bu məsələ gündəmdə deyil. Şayiələrə diqqət yetirmirik”, – deyə futbolçunun atası bildirib.

Gürcü futbolçunun bazar dəyəri 90 milyon avro qiymətləndirilir. Onun PSJ ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, "Kəpəz” və "Şəmkir”in sabiq futbolçusu olan Badri Kvaratsxeliya 2000-ci ildə Azərbaycan millisinin heyətində üç oyuna çıxıb. O, 1999/2000 mövsümündə "Şəmkir” forması ilə vurduğu 16 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.

İdman.Biz