“Barselona”nın və İspaniya futnol millisinin gənc istedadı Lamin Yamal aldığı zədə səbəbindən yaşadıqlarını azarkeşləri ilə bölüşüb. O, meydanlardan kənar qalmağın onun üçün böyük zərbə olduğunu etiraf edib.
İdman.Biz xəbər verir ki, futbolçu sosial şəbəkə hesabında komandasına kömək edə bilmədiyi üçün çox kədərləndiyini vurğulayıb.
“Bu zədə məni orada ən çox olmaq istədiyim anda meydandan kənarda qoyur. Bunun nə qədər ağrılı olduğunu izah edə bilmirəm. Komanda yoldaşlarımın yanında döyüşə bilməmək, ehtiyac duyulduğu anda onlara kömək edə bilməmək mənə çox ağır gəlir”, - deyə hücumçu yazıb.
Gənc ulduz buna baxmayaraq komandasına inandığını və kənardan onlara tam dəstək verəcəyini qeyd edib:
“Bu bir son deyil, sadəcə bir fasilədir. Daha güclü və həmişəkindən daha böyük istəklə geri dönəcəyəm. Gələn mövsüm hər şey daha yaxşı olacaq”.
