Lamin Yamal DÇ-2026-nı buraxa bilər? - YENİLƏNİB + FOTO

23 Aprel 2026 17:01
709
Lamin Yamal DÇ-2026-nı buraxa bilər? - YENİLƏNİB + FOTO

“Lamin Yamalın zədəsinin təkrarlanma ehtimalı 30 faizdir”.

İdman.Biz xəbər verir ki, bu sözləri idman təbabəti üzrə ekspert, həkim Pedro Luis Ripol deyib.

Mütəxəssis bildirib ki, buna görə də futbolçunun bərpa müddətinin müəyyənləşdirilməsində son dərəcə ehtiyatlı davranmaq lazımdır.

Onun sözlərinə görə, zədə əzələnin özündədirsə, proqnoz daha əlverişli olur. Lakin zədə əzələnin vətərə keçid hissəsində və ya birbaşa vətərdə yerləşirsə, vəziyyət daha ciddi xarakter alır. Bu halda futbolçunun 4-6 həftə meydanlardan kənar qalması tələb oluna bilər.

Ripol əlavə edib ki, residiv riskini nəzərə alsaq, Yamalın dünya çempionatı üçün heyətə düşməsi az ehtimal olunur və maksimum ehtiyatlılıq vacibdir.

10:25

“Futbol Total en Dsports” idman kanalının aparıcısı Xuan Furlançiç “Barselona”nın futbolçusu Lamin Yamalın İspaniya çempionatının 33-cü turunda “Selta” ilə matçda (1:0) aldığı zədə barədə sərt fikirlər səsləndirib. Gənc futbolçunun penalti zərbəsi zamanı zədələnməsi İspaniya mətbuatında böyük müzakirələrə səbəb olub.

İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, Furlançiç bu zədənin təsadüf olmadığını diqqətə çatdırıb. O bildirib ki, Yamal matçdan cəmi 48 saat əvvəl şəxsi təyyarə ilə səfərdən qayıdarkən fast-fud yeməsini sosial şəbəkələrdə paylaşıb.

Aparıcının sözlərinə görə, penalti vuran zaman zədələnmək kifayət qədər qəribə görünsə də, bu, birbaşa idmançının öz sağlamlığına biganə yanaşmasının, kifayət qədər istirahət etməməsinin və pis qidalanmasının nəticəsidir.

“Bu, hakerlər tərəfindən oğurlanmış foto deyil, Lamin özü bununla öyünürdü”, - deyə jurnalist vurğulayıb.

Xatırladaq ki, Yamalın bu zədə səbəbindən La Liqada mövsümü erkən başa vuracağı və DÇ-2026-nın startını qaçıra biləcəyi gözlənilir.

Qeyd edək ki, 18 yaşlı istedad cari mövsümdə meydana çıxdığı 45 matçda 24 qol vurub və 18 məhsuldar ötürmə müəllifi olub.

İdman.Biz